BƏLƏDİYYƏ TORPAQLARINDAN SƏMƏRƏLİ İSTİFADƏ İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB
09.03.2023
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Babək rayonunda “Bələdiyyə torpaqarının mülkiyyətə verilməsi zamanı qanunverciliyin tələbləri” mövzusuna həsr olunan seminar keçirilib.
Rayon üzrə fəaliyyət göstərən bələdiyyə sədrlərinin və üzvlərinin iştirakı ilə keçirilən maarifləndirici tədbiri Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Müşviq Məmmədsoy açaraq rayonda bələdiyyə torpaqlarından təyinatı üzrə istifadə edilməsi sahəsində görülən tədbirlərdən danışıb.
Aid təşkilatların nümayəndələri çıxış edərək bələdiyyə torpaqlarının mülkiyyətə verilməsinin qaydaları, bələdiyyə aktlarının hazırlanması və qəbul edilməsini tənzimləyən müvafiq qanunvericiliyin tələbləri, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı hərracların keçirilməsi və torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı bələdiyyə sədrlərinə və üzvlərinə ətraflı məlumat veriblər.
DÖVLƏT QEYDİYYATINA ALINAN DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN SAYI ARTIB
06.03.2023
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən cari ilin fevral ayı ərzində torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı zamanı operativliyin təmin edilməsi diqqətdə saxlanılıb, Xidmətin fəaliyyət istiqamətləri üzrə qarşıya qoyulan tapşırıqların icrası davam etdirilib.
Ötən ay “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan şəhərinin Əliabad qəsəbəsində maarifləndirici tədbir keçirilib, hazırlanan kartoqramlar Naxçıvan və Əliabad bələdiyyələrinə təqdim olunub.
CULFA RAYONUNDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB
24.02.2023
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Əbrəqunus kəndində keçirilən seminar-müşavirədə rayonun torpaq mülkiyyətçiləri və ailə təsərrüfatçıları iştirak edib.
Seminar-müşavirədə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Xaliq Məmmədov rayonda aqrar sahədə həyata keçirilən tədbirlərdən, ailə təsərrüfatlarının inkişafı ilə əlaqədar görülən işlərdən və bu sahəyə göstərilən dövlət qayğısından danışıb.
Aid təşkilatların nümayəndələri ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, qablaşdırılması, etiketlənməsi, yaz əkinlərinin əkin atlaslarına uyğun aparılması, növbəli əkin sisteminin tətbiq edilməsi və torpaqlardan səmərəli istifadə yolları ilə bağlı torpaq mülkiyyətçilərinə və ailə təsərrüfatçılarına ətraflı məlumat verib.
ŞAHBUZ RAYONUNDA VƏTƏNDAŞ QƏBULU KEÇİRİLİB
23.02.2023
Şahbuz rayonunda Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə və Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rafael Babayevin iştirakı ilə daşınmaz əmlak və torpaq məsələləri ilə bağlı rayon sakinlərinin qəbulu təşkil olunub.
Qəbul zamanı əmlakın və torpaq sahəsinin qeydiyyata alınması, mülkiyyət hüququnun əldə edilməsi qaydası, pay torpaqlarından faktiki istifadə ilə sənədlərdəki uyğunsuzluqların aradan qaldırılması, kəndətrafı örüş sahələrinin istifadə vəziyyətində yaranmış çətinliklər, bələdiyyə mülkiyyətində olan torpaqlardan təyinatına uyğun istifadə edilməsi və digər məsələlərlə əlaqədar vətəndaşların müraciətlərinə qanunvericiliyə uyğun olaraq baxılıb.
