BABƏK RAYONUNDA AİLƏ TƏSƏRRÜFATÇILARI ÜÇÜN SEMİNAR TƏŞKİL OLUNUB
26.05.2023
Rayonun torpaq mülkiyyətçilərinin və ailə təsərrüfatçılarının iştirak etdiyi seminar-müşavirə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yuxarı Uzunoba kəndində keçirilib.
Rayon icra hakimiyyətinin əməkdaşı Azər Hümbətov rayon sakinlərinin daha çox aqrar sahə ilə məşğul olduğunu bildirib, bu istiqamət üzrə həyata keçirilən mühüm tədbirlər və dövlət tərəfindən bu sahənin inkişafı üçün təsərrüfat sahiblərinə etdiyi güzəştlərdən ətraflı bəhs edib.
Seminar-müşavirədə digər çıxış edənlər “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq ailə təsərrüfatlarının inkişafına göstərilən dövlət dəstəyini, eləcə də keçirilən tədbirin əhəmiyyətini diqqətə çatdırıblar. Aqrar sahədə qarşıya qoyulan əsas vəzifələri də iştirakçılara çatdıran aid təşkilatların əməkdaşları bildirib ki, mövcud torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi, uzun müddət əkin dövriyyəsindən kənarda qalmış torpaqların münbitləşdirilməsi və yenidən əkin dövriyyəsinə qatılması mühüm məsələdir. Ailə təsərrüfatçıları torpaqlardan səmərəli istifadə sahəsində qanunvericiliyin tələblərinə diqqət yetirilməsi ilə bağlı məlumatlandırılıb, istehsal etdikləri məhsulların təbliği və təşviqi, fəaliyyətlərini genişləndirərək kiçik sahibkarlıq subyektlərinə çevrilmələri barədə maarifləndiriliblər.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
Baxılıb: 156