ÖTƏN İLİN YEKUNLARI MÜZAKİRƏ OLUNUB
30.01.2023
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində keçirilən kollegiya iclasını Xidmətin rəisi Müslüm Cabbarzadə açaraq 2022-ci ildə görülən işlərdən və 2023-cü ildə qarşıda duran vəzifələrdən danışıb.
İclasda Xidmətin rəisi qeyd edib ki, muxtar respublikanın torpaq fondundan təyinatı üzrə səmərəli istifadə edilməsinə nəzarət daha da gücləndirilməli, torpaqlardan qanunsuz istifadə hallarının aradan qaldırılması üçün inzibati tədbirlər görülməli, özbaşına tutulmuş torpaq sahələri əvvəlki vəziyyətinə qaytarılmalı, yerlərdə torpaq mülkiyyətçisi, istifadəçisi və icarəçilərinin iştirakı ilə torpaqlardan səmərəli istifadəyə dair maarifləndirici tədbirlər davam etdirilməli və həyata keçirilən tədbirlər kütləvi informasiya vasitələrində işıqlandırılmalıdır.
Müslüm Cabbarzadə qarşıdakı dövrdə torpaqların uqodiyalar və ərazi vahidləri üzrə dürüstləşdirilməsi, məlumatların elektron kadastr xəritələri üzərinə köçürülməsi işlərinin davam etdirilməsi, yeni çəkilmiş kanal, kollektor və drenaj şəbəkələrinin xəritələşdirilməsinin təmin edilməsi, həmin xəritə materiallarının, eləcə də torpaqların keyfiyyətində baş verən dəyişikliklərin torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi işinin 2023-cü ildə də diqqətdə saxlanılması ilə bağlı müvafiq tapşırıqlar verib.
2022-Cİ İLDƏ DAŞINMAZ ƏMLAKIN DÖVLƏT QEYDİYYATI YÜKSƏLİB
30.01.2023
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən vətəndaşlara göstərilən xidmətlərin müasir səviyyədə təşkili və tətbiq edilən yeniliklər nəticəsində daşınmaz əmlakın qeydiyyatı sadələşib. 2022-ci ildə daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyatı üzrə vətəndaşlara keyfiyyətli xidmət göstərilib. 2021-ci illə müqayisədə dövlət reyestrində qeydiyyata alınan daşınmaz əmlak obyektlərinin sayı 1 % artıb.
Ötən il ərzində Naxçıvan şəhəri üzrə 3205, Şərur rayonu üzrə 1592, Babək rayonu üzrə 1110, Ordubad rayonu üzrə 486, Culfa rayonu üzrə 471, Şahbuz rayonu üzrə 324, Kəngərli rayonu üzrə 269, Sədərək rayonu üzrə 119, ümumilikdə muxtar respublika üzrə 7576 daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Bunun 2398 ilkin, 5178 təkrar qeydiyyatdır.
Qeydiyyata alınmış daşınmaz əmlak obyektləri bölmələr üzrə 2770 torpaq sahəsi, 1573 mənzil, 2983 fərdi yaşayış evi, 13 bağ evi, 104 qeyri-yaşayış binası, 107 qeyri-yaşayış sahəsi, 26 əmlak kompleksi kimi müəssisə ibarət olub.
Hesabat dövründə daxil olmuş müraciətlər əsasında 2365 əmlaka dair texniki pasport, 3341 torpaq sahəsinə dair plan-ölçü olmaqla, ümumilikdə 5706 texniki sənəd tərtib edilib. Bu da 2021-ci illə müqayisədə 0,2% çoxdur. Hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair 6225 arayış verilib.
VƏTƏNDAŞLARIN DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ ÜZRƏ MÜRACİƏTLƏRİ DİQQƏT MƏRKƏZİNDƏ SAXLANILIR
23.01.2023
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən dekabr ayı ərzində mülkiyyət hüquqlarının operativ qeydiyyatı təmin edilib, vətəndaşların daşınmaz əmlak və torpaq məsələləri üzrə müraciətləri diqqət mərkəzində saxlanılıb.
“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na müvafiq olaraq muxtar respublikanın iqlim şəraitinə uyğun və yüksək məhsuldarlığa malik yerli meyvə-tərəvəz sortlarının bərpası və tətbiq olunması, əkin atlaslarına uyğun meyvə-tərəvəz əkinlərinin aparılması məqsədilə Kəngərli rayonunun Yurdçu və Babək rayonunun Aşağı Buzqov kəndlərində bələdiyyə sədrlərinin, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici görüşlər keçirilib, torpaqların qida maddələri ilə təmin olunmasına dair yenilənən kartoqramlar Kəngərli rayonunun Yurdçu, Çalxanqala, Qabıllı, Yeni Kərki, Babək rayonunun Aşağı Buzqov və Yuxarı Buzqov bələdiyyələrinə təqdim olunub.
Xidmət tərəfindən dekabr ayında 814 daşınmaz əmlak obyekti üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, 671 texniki sənəd hazırlanıb, 32 daşınmaz əmlak obyektinə ünvan verilib, 66 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb, məhdudiyyət və yüklülüyə dair 567 arayış verilib.
ORDUBAD RAYONUNDA HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ARTIB
19.01.2023
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı, texniki sənədlərin hazırlanması, eləcə də əmlak və torpaq münasibətlərinin tənzimlənməsi 2022-ci il ərzində diqqətdə saxlanılıb.
İdarə tərəfindən il ərzində 193 daşınmaz əmlak obyektinin texniki pasportu, 255 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim olunub. Texniki sənədlərin hazırlanması üçün əmlaklara yerində baxış keçirilib, 280 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub. 2021-ci illə müqayisədə rayon üzrə hazırlanan mülkiyyət sənədlərinin sayı 2,7 % artıb.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi məsələsi ilə bağlı sakinlərin müraciətlərinə vaxtında baxılıb, 467 müraciət qəbul edilib. Həmçinin, məhdudiyyət və yüklülüyə dair 320 arayış, 86 sosial arayış, 14 ünvan arayışı və 21 dublikat sənəd verilib. 82 torpaq sahəsinə dair isə rəy hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. 7 əmlakın bazar dəyərinə uyğun qiymətləndirilməsi də icra edilib, müvafiq hesabat hazırlanıb.
