Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLİB

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLİB

03.05.2023

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində “Əmlak idarəçiliyinin inkişafı: nailiyyətlər və müasir çağırışlar” mövzusunda təşkil olunan tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xidmətin rəisi Müslüm Cabbarzadə çıxış edərək əmlak idarəçiliyinin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolundan ətraflı danışıb.

Bildirilib ki, müstəqillik qazandıqdan sonra Azərbaycanın inkişafı üçün vacib olan digər məsələlər kimi, torpaq islahatlarının aparılması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki, Sovet İttifaqının dağılması və Azərbaycanın müstəqillik əldə etməsindən sonra qarşıda duran məsələlərdən biri də ağır iqtisadi böhranın hökm sürdüyü respublikamızı bu çətin vəziyyətdən xilas etmək, yeganə çıxış yolu olan ölkə iqtisadiyyatını qısa bir müddətdə yeni iqtisadi əsaslarla bərpa etmək əsas məqsəd kimi qarşıya qoyulmuşdu. Bunun da həyata keçirilməsi üçün ilk növbədə yeni torpaq  siyasətinin həyata keçirilməsi, torpaq  islahatlarının aparılması vacib idi. Kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edən torpaq islahatının əsası da məhz 1992-ci ildə ulu öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyuldu.

Ümummilli liderin rəhbərliyi və təşəbbüsü ilə ölkədə ilk olaraq, Culfa rayonunun Şurud və Gal kəndlərindən torpaq islahatına başlanıldı. Muxtar respublika ərazisində genişmiqyaslı aqrar islahatların həyata keçirilməsi sahəsində görülən illər nəticəsində ümumilikdə, 205 kənddə olan 132 təsərrüfatda torpaq islahatı aparıldı, 241 min 46 nəfərə torpaq sahəsi verildi. Ümumilikdə, muxtar respublikada 70 min 600-ə yaxın ailə aqrar islahatlardan bəhrələnərək torpaq mülkiyyətçisinə çevrildi ki, bu da əhalinin ərzaq və digər zəruri kənd təsərrüfatı məhsulları ilə təminatının yüksəlməsinə gətirib çıxardı.

Müslüm Cabbarzadə vurğulayıb ki, bu gün muxtar respublikada istər torpaq, istərsə də digər daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və müdafiəsi sahəsində işlərin daha səmərəli təşkil edilməsi sahəsində məqsədyönlü tədbirlər görülüb. Hazırda Xidmət daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının, daşınmaz əmlakın dövlət kadastrının, dövlət torpaq kadastrının və onun tərkib hissəsi olan torpaq reyestrinin tərtib edilməsini və aparılmasını həyata keçirir.            

Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli Ümumilli Lider Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu məsələləri mövzusunda çıxış edib. Qeyd olunub ki, tariximizdə mühüm əhəmiyyət kəsb edən zaman - 1969-cu il iyulun 14-də hakimiyyətə gələn ulu öndər Heydər Əliyev Azərbaycanı böyük bir imperiyanın tərkibində milli varlığını itirməkdən qoruyub, mərkəzin siyasətini milli maraqlara tabe etdirərək ölkəmizi inkişaf yoluna çıxarıb. Həmin vaxt respublikamızda ümummilli liderin rəhbərliyi ilə bütün sahələrdə inkişafa nail olunub, qısa vaxtda iqtisadiyyatın bütün sahələrində əldə edilən yüksək inkişaf tempi ölkəmizi qabaqcıl respublikalardan birinə çevirib. Bu gün görkəmli siyasi xadimin yolu ilə gedən Azərbaycanda qazanılan bütün nailiyyətlərin, inkişaf və tərəqqinin arxasında onun bütün istiqamətlər üzrə qazandığı uğurlar dayanır.

Xidmətin İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədov “Müasir şəraitdə əmlak hüquqlarının qeydiyyatının təkmilləşdirilməsi” mövzusunda çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına uyğun surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bütün sahələrdə olduğu kimi əmlak hüquqlarının qeydiyyatı sahəsində də yeni nailiyyətlərin əldə olunmasına şərait yaradıb.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilən “Xalqın adamı” sənədli filmi nümayiş olunub.

Baxılıb: 114