DAŞINMAZ ƏMLAK VƏ TORPAQ İDARƏÇİLİYİ SAHƏSİNDƏ YENİ YANAŞMALARIN REALLAŞDIRILMASI ZƏRURİDİR
24.05.2023
Məlum olduğu kimi, son dövrlərdə muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsində də yeni yanaşmaların reallaşdırılmasını zəruri edir. Xüsusilə bu sahədə vətəndaşlara göstərilən xidmətlərdə əlçatanlığın artırılması, əhalinin mülkiyyət hüquqlarının qeydiyyata alınmasında müasir idarəçiliyin tətbiqi və sair ön plana çıxır. Bu məsələlərlə bağlı suallarımızı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə cavablandırır.
– Müslüm müəllim, muxtar respublikada sosial-iqtisadi sahələrdə aparılan islahatlar daşınmaz əmlak və torpaq bazarını da əhatə edir. İlk olaraq torpaq məsələləri ilə bağlı ilin əvvəlindən görülmüş işlər haqqında məlumat verməyinizi xahiş edirik.
– Qeyd etmək istərdim ki, təsdiq edilmiş Dövlət proqramlarının müvafiq bəndlərinin icrası, torpaqların elektron uçotunun aparılması və təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətinin gücləndirilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi 2023-cü ilin yanvar-aprel ayları ərzində tərəfimizdən diqqətdə saxlanılmışdır. Belə ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı işlər davam etdirilmiş, Şahbuz rayonu, Naxçıvan şəhəri və ətraf yaşayış məntəqələri üzrə dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı yerləri (uqodiyalar), o cümlədən kommunikasiya xətləri dürüstləşdirilərək sistemin rəqəmsal kadastr xəritəsinə daxil edilmişdir.
Cari ilin ötən dövrü ərzində müxtəlif ərazilərdə geodeziya-ölçmə işləri yerinə yetirilmiş, müxtəlif məzmunlu və miqyaslı topoqrafik xəritələr, yerquruluşu və sxematik planlar hazırlanmışdır. Ümumilikdə, 4 ay ərzində 9 sifarişçi təşkilatın müraciəti əsasında 80-ə yaxın müxtəlif məzmunlu xəritə, plan və sxemlər hazırlanaraq aidiyyəti üzrə təhvil verilmişdir.
TORPAQDAN QANUNSUZ İSTİFADƏ MƏSULİYYƏT YARADIR
15.09.2022
Muxtar respublikamızda aqrar sektorun inkişafı və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının möhkəmləndirilməsi məqsədilə torpaq sahələrinin səmərəli istifadəsinə xüsusi diqqət göstərilir, uzun müddət əkilməyən münbit torpaqların su təminatı yaxşılaşdırılır, yeni suvarma şəbəkələrinin qurulması ilə hektarlarla torpaq sahələri əkin dövriyyəsinə qatılır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar rеspublikа əhаlisi yerli istehsal hesabına kеyfiyyətli ərzаq məhsullаrı ilə təmin оlunur, tələbatdan artıq bir sıra kənd təsərrüfatı məhsullarının ixracı həyata keçirilir. Lakin, torpaqlardan səmərəli istifadə ilə bağlı dövlət səviyyəsində aparılan işlərə baxmayaraq, vətəndaşlar tərəfindən torpaqlardan təyinatına uyğun olmayan məqsədlər üçün istifadə və torpaqların özbaşına tutulması, həmin ərazilərdə qanunsuz tikililərin aparılması hallarına hələ də rast gəlinir.
Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrini aparan orqan tərəfindən mülkiyyətçiyə verilən sənədlər əsasında təyin edilir. Torpaq qanunvericiliyində isə qeyd olunur ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında reallaşdırılır.
Torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə torpaq sahəsini özbaşına tutma hesab olunur. Bu isə qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı həm də məsuliyyətə səbəb olur.
DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI İLƏ BAĞLI ELEKTRON YENİLİKLƏRİN TƏTBİQİ VƏTƏNDAŞ MƏMNUNLUĞUNU ARTIRIR
10.12.2021
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının həyatımızda oynadığı rol danılmazdır. Zaman keçdikcə rəqəmsal texnologiyalar müxtəlif sahələrə daha dərindən nüfuz edir. Son illərdə “Elektron hökumət” layihəsinin idarəetmədə geniş yayılması bir çox dövlət qurumlarının fəaliyyətində müxtəlif yeniliklərin tətbiqi ilə müşayiət olunur. Belə qurumlardan biri də Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətidir. Bəs bu gün xidmətdə hansı elektron yeniliklər tətbiq olunur, vətəndaş məmnuniyyəti necə təmin edilir? Suallarımızı xidmətin İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədov cavablandırır:
– İlk olaraq bildirmək istərdim ki, informasiya-kommunikasiya texnologiyalarının daşınmaz əmlakın qeydiyyatı sahəsində tətbiqi xidmətlərin əhaliyə elektron formada çatdırılmasına və vətəndaş məmnunluğunun daha da artırılmasına zəmin yaradır. Sosial faktorlar və vətəndaş amilinin gücləndirilməsi prinsipləri nəzərə alınaraq daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı, xidmətlərin maksimum sadələşdirilməsi, prosedurların optimallaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə daşınmaz əmlakın qeydiyyatı sahəsində mütəmadi olaraq yeniliklər tətbiq edilir. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar xidmətlər sürətlə elektronlaşdırılır. Müasir informasiya-kommunikasiya texnologiyalarının daşınmaz əmlakın qeydiyyatı sahəsində tətbiq edilməsi qeydiyyat prosedurlarının xeyli sadələşdirilməsinə səbəb olmuşdur.
– Bu gün Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində əhaliyə göstərilən xidmətlərin elektronlaşdırılması istiqamətində hansı işlər görülüb?
– Təmsil etdiyim qurum son dövrlərdə fəaliyyət istiqaməti üzrə göstərdiyi xidmətlərin elektron formada təqdim olunması sahəsində mühüm işlər həyata keçirmişdir.
QONŞULUQ MÜNASİBƏTLƏRİ QANUNVERİCİLİKDƏ NECƏ TƏNZİMLƏNİR
24.06.2021
Bu gün məişət zəminində baş verən anlaşılmazlıqların bir qismini də bəzən qonşularla ortaq su və yoldan istifadə, sərhəddə əkilmiş ağac, ortaq hasarların tikilməsi və sair bu kimi problemlər təşkil edir. Daşınmaz əmlakla bağlı mübahisələrin həlli məqsədilə edilən müraciətlərin təhlilindən aydın olur ki, mübahisələrin, təqribən, yarısı qonşular arasında qarşılıqlı münasibətlərin pozulmasından yaranan səbəblərlə xarakterizə olunur. Bəs, qanunvericiliklə bu cür hallar necə tənzimlənir? Mövzu ilə bağlı suallarımızı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə dövlət Xidmətinin hüquqşünası Rəfayıl Məmmədov cavablandırır.
– Rəfayıl müəllim xoş gördük, sizi redaksiyamızda. Aydın məsələdir ki, qonşular arasında yaranan mübahisələrin böyük əksriyyəti, bilavasitə, mülkiyyət hüququ ilə bağlı olur. Qanunvericilikdə bununla bağlı hansı meyarlar var?
– Çox sağ olun, dəvət üçün. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mülkiyyət hüququ var, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Lakin Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.
Belə ki, mülki qanunvericiliyə əsasən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. Bu məqamda yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir.