Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi - MƏLUMAT

Naxçıvan Muxtar Respublikasının

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi haqqında

M Ə L U M A T

  Mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 may 2015-ci il tarixli Sərəncamı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bazasında Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi yaradılmış, 27 may 2015-ci tarixli Fərmanı ilə Komitənin Əsasnaməsi təsdiq edilmişdir.

  Komitə daşınmaz əmlakın dövlət reyestrinin və daşınmaz əmlakın dövlət kadastrının aparılması (daşınmaz dövlət əmlakı istisna olmaqla), ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya və xəritəçəkmə, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

 Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və öz Əsasnaməsini rəhbər tutur.

  Komitənin strukturuna Komitənin aparatı və yerli bölmələri daxildir. Komitənin aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyində olan digər qurumlar Komitənin sistemini təşkil edir. Komitə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

  2016-cı ilin sentyabr ayında Komitənin müasir iş şəraiti ilə təmin olunmuş yeni inzibati binası istifadəyə verilmişdir. Binada Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Mərkəzi Aparatı, Komitənin Naxçıvan Şəhər İdarəsi və Komitənin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutu yerləşir.

  Komitə tərəfindən vətəndaşlara 23 adda elektron xidmət göstərilir. Eyni zamanda muxtar respublikanın kənd yaşayış məntəqələrində Komitənin səyyar xidmət qrupu tərəfindən qrafik əsasında səyyar xidmətlər təşkil olunur.

  Komitənin daşınmaz əmlak arxivində 200 minə yaxın əmlak haqqında arxiv sənədləri mövcuddur. Komitənin torpaq arxivində torpaq balansı sənədləri, geobotaniki tədqiqat sənədləri, Dövlət Aktları, torpaqayırma sənədləri, Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun arxivində müxtəlifmiqyaslı bərk və kağız xəritələr, torpaq islahatı materialları, yerquruluşu sənədləri, kosmik fotoplanlar qorunub saxlanılır.