XİDMƏTİN ƏMƏKDAŞLARI VƏ TƏLƏBƏLƏR ÜÇÜN NÖVBƏTİ TƏLİM KEÇİRİLİB
12.05.2023
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində təşkil olunan təlimə Xidmətin aparatının, şəhər, rayon idarə və şöbələrinin əməkdaşları, həmçinin Xidmətin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisasında təhsil alan tələbələr cəlb olunub.
Təlimdə Xidmətin əməkdaşı Ramil Mirzəyev daşınmaz əmlakla bağlı sənədlərin qəbulu, ilkin ekspertizası və milli qeydiyyat sisteminə daxil edilməsi, vətəndaşlardan qəbul edilən sənədlərin ilkin olaraq düzgünlüyünün yoxlanılması, ərizəçilərin təqdim etdiyi ərizələrin doldurulması qaydaları və sənədlərin milli qeydiyyat sisteminə daxil edilməsi ilə bağlı iştirakçılar ətraflı məlumat verib.
Qeyd olunub ki, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeydiyyat üçün təqdim edilən sənədlərdə mətnlərin aydın yazılmasına, hüquqi və fiziki şəxslərin adlarının tam şəkildə göstərilməsinə diqqət yetirilməlidir.
Sonda iştirakçıları maraqlandıran suallar da ətraflı cavablandırılıb.
Baxılıb: 182