TORPAQLARIN MONİTORİNQİ APARILIR
27.08.2020
Muxtar respublikamızda torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması üçün vaxtaşırı müşahidələrin aparılması diqqətdə saxlanılır. Torpaqların şorlaşma, şorakətləşmə, müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi, bu cür ərazilərin müəyyənləşdirilməsi, xəritələşdirilməsi və yenidən əkin dövriyyəsinə qatılması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aid qurumlarla razılaşdırılmaqla müvafiq komissiya yaradılıb, torpaqların monitorinqinə başlanılıb.
Artıq komissiya tərəfindən Ordubad rayonu üzrə torpaq sahələrinin monitorinqi başa çatdırılıb, rayon üzrə 24,1 ha şorlaşmış torpaq sahəsi müəyyən edilərək xəritələşdirilib.
TORPAQLARIN ELEKTRON KADASTR UÇOTU İNFORMASİYA SİSTEMİNİN YARADILMASI İSTİQAMƏTİNDƏ İŞLƏR YEKUNLAŞMAQ ÜZRƏDİR
15.08.2020
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması istiqamətində görülmüş işlərə dair növbəti müzakirələr aparılıb.
Xidmətin rəisi Müslüm Cabbarzadə bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 02 aprel 2016-cı il tarixli Fərmanına uyğun olaraq muxtar respublikada torpaqların elektron uçotunun aparılması, xəritələşdirilməsi və torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması istiqamətində əsas işlər yekunlaşdırılıb.
DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏRİN İCRASI DİQQƏTDƏ SAXLANILIR
14.08.2020
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən 2020-ci ilin iyul ayı ərzində vətəndaşların daşınmaz əmlak və torpaqla bağlı müraciətləri diqqətdə saxlanılmış, mülkiyyət sənədlərinin hazırlanması üçün 98 müraciət qəbul edilərək icra olunmuşdur. Müraciətlər əsasında 59 daşınmaz əmlak obyektinin texniki pasportu, 39 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb vətəndaşlara təqdim edilmişdir.
15 əmlakın qiymətləndirilməsi icra edilmiş, müvafiq hesabatlar hazırlanmışdır.
Naxçıvan şəhəri ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadə və onların mühafizəsi mütəmadi nəzarətdə saxlanılmış, torpaqdan qanunsuz istifadəyə dair aşkarlanmış faktlar aradan qaldırılmışdır.
ÖTƏN AY 702 DAŞINMAZ ƏMLAK OBYEKTİ DÖVLƏT QEYDİYYATINA ALINIB
10.08.2020
Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan səmərəli istifadəyə nəzarət 2020-ci ilin iyul ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.
Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə əlaqədar rayonun Babək şəhəri, Cəhri və Nehrəm qəsəbə inzibati ərazi dairələrinin, ərazi vahidlərinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri hazırlanmışdır. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Babək rayonunun Nehrəm qəsəbəsinin və Araz kəndinin ərazisində aparılan monitorinqlər başa çatdırılmış, aşkar olunmuş torpaqdan qanunsuz istifadə faktlarının aradan qaldırılması istiqamətində iş aparılmışdır.
