Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - GEODEZİYA-İSTİNAD MƏNTƏQƏLƏRİ DÖVLƏT TƏRƏFİNDƏN MÜHAFİZƏ OLUNUR

GEODEZİYA-İSTİNAD MƏNTƏQƏLƏRİ DÖVLƏT TƏRƏFİNDƏN MÜHAFİZƏ OLUNUR

26.01.2021

Yerquruluşu layihələrinin tərtibində, yaşayış məntəqələrinin salınmasında, müxtəlif hidrotexniki, sənaye və digər obyektlərin inşasında, nəqliyyatda, təbii ehtiyatların mənimsənilməsində, ölkənin sərhədlərinin qorunması və sair işlərdə plan və xəritələrdən geniş istifadə olunur. Geodeziya-stinad məntəqələri geodeziya və xəritəçəkmə işləri üçün başlanğıc rolu oynayır. İstinad məntəqələri üfüqi vəziyyətdə vahid koordinat sistemində təyin olunur və yer səthinin müxtəlif hissələrində aparılan geodeziya-ölçmə işlərinin əlaqələndirilməsini, müxtəlif sahələrdə işlərin eyni dəqiqliklə aparılmasını təmin edir.

 “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkə ərazisində yerləşən astronomik, geodeziya, nivelir və qravimetriya məntəqələri, yerüstü nişan və mərkəzləri, o cümlədən işıqlanan mayaklar, naviqasiya işarələri, digər mühəndis qurğularındakı geodeziya-istinad məntəqələri dövlət tərəfindən mühafizə edilir.

Muxtar respublikada çöl tədqiqatı, vektorlaşdırılmış xəritə materiallarının naturada təsbiti və çöl geodeziya ölçmə işlərinin aparılması, xəritələrin üzərində şəhər, qəsəbə və kənd ərazi vahidlərinin, bələdiyyələrin sərhədlərinin elektron geodeziya ölçmə alətləri vasitəsilə dövlət geodeziya şəbəkəsinin yerüstü nəzarət nöqtələrinə bağlanmaqla dürüstləşdirilməsi işlərinin aparılması üçün müxtəlif ərazilərdə qurulmuş 13 geodeziya-istinad məntəqəsindən istifadə olunur.

2020-ci ildə muxtar respublika ərazisində mövcud olan bütün geodeziya-istinad məntəqələri əsaslı təmir olunub və mühafizəsinə dair lövhələr yenilənib.

Ərazilərində dövlət geodeziya-istinad məntəqələri və ya yerüstü nişanları olan torpaq mülkiyyətçiləri, istifadəçiləri, habelə digər şəxslər həmin məntəqələrin və nişanların korlanması və məhv edilməsinə görə məsuliyyət daşıyırlar. Belə hadisələr baş verdiyi hallarda onlar aidiyyəti üzrə məlumat verməli, habelə geodeziya-istinad məntəqələrində geodeziya və kartoqrafiya işlərinin aparılması üçün lazımi şərait yaratmalıdırlar.

“Azərbaycan Respublikasında geodeziya-istinad məntəqələrinin istifadəsi və mühafizəsi qaydalarına dair” Əsasnamənin tələblərinə görə geodeziya-istinad məntəqələrinin yerüstü nişanlarının ətrafında 1 metr enində olan zolaqdakı torpaqlar onların mühafizə zonası sayılır. Geodeziya-istinad məntəqələrinin mühafizə zonalarında yem, gübrə və materiallardan anbar yaratmaq, saman və otdan taya vurmaq, taxta-şalban yığıb qalaqlamaq, heyvan saxlamaq, zibilliyə çevirmək və ocaq yandırmaq qadağan olunur.

Qeyd edək ki, geodeziya-istinad məntəqələrinin mühafizəsi zonasına daxil olan torpaqlar mülkiyyətçilərindən, icarəçilərindən və istifadəçilərdən alınmır və onlar tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməklə kənd təsərrüfatı və başqa məqsədlər üçün istifadə edilə bilər. Geodeziya-istinad məntəqələrinin yerlərdə uçotu, qorunması və gələcəkdə istifadə üçün saz vəziyyətdə saxlanmasını təmin etmək məqsədilə həmin məntəqədə və nişanları quran təşkilatlar tərəfindən, mütəmadi olaraq onların üst nişanlarının yoxlanması, xarici görünüşünün təzələnməsi və lazım gəldikdə bütövlükdə bərpası üçün işlər həyata keçirilir.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən yeraltı suların müşahidə quyularının, markşeyder və geodeziya nişanlarının məhv edilməsinə və zədələnməsinə görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Dövlət geodeziya-istinad məntəqələrinin və ya yerüstü nişanların korlanmasına, yaxud məhv edilməsinə, dövlət geodeziya və kartoqrafiya xidməti orqanının razılığı olmadan dövlət geodeziya-istinad məntəqələrinin və yerüstü nişanların yerlərinin dəyişdirilməsinə, habelə belə məntəqə və nişanların yenidən qurulmasına, yaxud yeni məntəqə və nişanların quraşdırılmasına görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min üç yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Baxılıb: 452