DAŞINMAZ ƏMLAK QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ DÖVLƏT NƏZARƏTİ SAHƏSİNDƏ VƏZİFƏLƏR UĞURLA İCRA OLUNUB
19.01.2021
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi 2020-ci ildə də Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən diqqət mərkəzində saxlanılıb, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət artırılıb.
Ötən il 182 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 990 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. 2019-cu illə müqayisədə hazırlanan texniki sənədlərin sayı 6,6% artıb. Əmlaka sahibliklə bağlı 341, məhdudiyyət və yüklülüyə dair 942 arayış hazırlanaraq vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması zamanı 278 müayinə aktı yazılıb, 41 bölünmə və birləşmə planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunub.
192 vətəndaşın müraciəti ilə əlaqədar əmlaklara yerində baxış keçirilib, torpaq sahələrinin sərhədləri dəqiqləşdirilib, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.
Xidmətin 2020-ci ilə dair iş planına uyğun olaraq torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə rayonun 22 bələdiyyəsində monitorinqlər başa çatdırılıb, aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması ilə bağlı işlər aparılıb.
İl ərzində rayonun 22 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş 262 müraciət müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilib, hazırlanmış mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunub.
Baxılıb: 361