BƏLƏDİYYƏ ƏMLAKININ İDARƏ EDİLMƏSİ İLƏ BAĞLI SEMİNAR KEÇİRİLİB
10.02.2021
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri Üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Bələdiyyə əmlakının idarə olunması və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin vəzifələri” mövzusunda seminar keçirilib.
“Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin vəzifələri” mövzusunda çıxış edən Ədliyyə Nazirliyinin əməkdaşı Xəyal Eyvazov bildirib ki, bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarına görə bələdiyyə torpaqlarının tərkibinə müvafiq inzibati ərazi daxilində dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar daxildir. Qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır.
Torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması istiqamətində öz səlahiyyətləri çərçivəsində tədbirlərin həyata keçirilməsi, habelə icarəyə verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi və torpaqların münbitliyinin artırılması sahəsində qanunla müəyyən edilmiş tələblərə əməl edilməsi bələdiyyə torpaqlarının idarə edilməsi sahəsində bələdiyyələrin üzərinə qoyulan mühüm vəzifələrdir.
Daşınmaz Əmlak və Torpaq Məsələləri Üzrə Dövlət Xidmətinin sektor müdiri Oqtay Məmmədov bildirib ki, bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqlarının hüquqi və fiziki şəxslərin icarəsinə verilməsi muxtar respublika əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində xüsusi rol oynayır. Buna görə də həmin torpaqlar yalnız məqsədli təyinatı üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilməlidir.
Ədliyyə Nazirliyinin qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov bələdiyyə aktları üzrə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələbləri mövzusunda məlumat verib. O, bildirib ki, respublikamızda inzibati nəzarət bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədilə həyata keçirilir. Eyni zamanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət Ədliyyə Nazirliyi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda, qanunçuluğa əməl olunması baxımından həyata keçirilməlidir. Qanunun tələblərini pozan şəxslərin qanunauyğun olaraq məsuliyyət daşıdıqlarını, inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədilə bələdiyyələrin qəbul etdikləri aktların bir surətinin həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərilməsi seminar iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb, metodiki vəsait təqdim edilib.
Baxılıb: 348