VƏTƏNDAŞLAR SƏYYAR XİDMƏTLƏRDƏN BƏHRƏLƏNİR
22.01.2021
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti 2020-ci il ərzində muxtar respublikanın kənd yaşayış məntəqələrində vətəndaşlara səyyar xidmətlərin göstərilməsini mütəşəkkil qaydada davam etdirib. Şərur rayonunun 22 yaşayış məntəqəsində 262, Babək rayonunun 21 yaşayış məntəqəsində 65, Ordubad rayonunun 21 yaşayış məntəqəsində 82, Culfa rayonunun 11 yaşayış məntəqəsində 30, Şahbuz rayonunun 11 yaşayış məntəqəsində 34 müraciət qəbul olunub, mülkiyyət sənədləri hazırlanaraq yerlərdə vətəndaşlara təqdim edilib. Ümumilikdə 2020-ci il ərzində muxtar respublikanın 86 yaşayış məntəqəsində səyyar xidmət göstərilib, 473 müraciətə baxılıb.
Qeyd edək ki, səyyar xidmət zamanı vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədlərinin və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, dövlət aktlarının, qeydiyyat vəsiqələrinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında hüquqların qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlaklara məhdudiyyət və yüklülüyə dair arayışların verilməsi, daşınmaz əmlakın texniki pasportunun və torpaq sahəsinin plan-ölçüsünün hazırlanması, ailə təsərrüfatlarına məxsus daşınmaz əmlak obyektlərinin pasportlaşdırılması üçün sənədlərin qəbulu aparılır. Eyni zamanda vətəndaşlara mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, daşınmaz əmlakla bağlı əməliyyatların aparılması, qeydiyyat üçün tələb olunan sənədlərdəki çatışmazlıqların aradan qaldırılması ilə bağlı hüquqi yardım göstərilir.
Baxılıb: 304