ŞƏRUR RAYONUNDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB
04.03.2021
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Şərur Rayonunun Qarahəsənli kəndində torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib.
Daşınmaz Əmlak və Torpaq Məsələləri Üzrə Dövlət Xidmətinin sektor müdiri Oqtay Məmmədov bildirib ki, mövcud torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi, əkin dövriyyəsindən kənarda qalmış torpaqların münbitləşdirilməsi və yenidən əkin dövriyyəsinə qatılması qarşıda duran başlıca vəzifədir.
Kənd Təsərrüfatı Nazirliyinin baş məsləhətçisi Fəxrəddin Əliyev suvarmanın düzgün təşkili, şırım üsulu ilə əkin aparılması, aqrotexniki tədbirlər, üzvi və mineral gübrələrin normaları barədə məlumat verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparıcı məsləhətçisi Rəsul Məmmədov torpaqların və suvarma suyunun kimyəvi çirklənməsinə, səbəb olan amillər barədə danışıb.
NAXÇIVAN DÖVLƏT XALÇA MUZEYİ ZİYARƏT OLUNUB
01.03.2021
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitunun kollektivləri 27 fevral 2021-ci il tarixdə Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət ediblər.
Məlumat verilib ki, 1998-ci ildən fəaliyyət göstərən muzey 2010-cu ildən yeni binaya köçürülüb. 2013-cü ildə bu mədəniyyət müəssisəsində yenidənqurma işləri aparılıb, ekspozisiya yenidən təşkil olunub. Qeyd edilib ki, 1999-cu ilin oktyabr ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illiyi ilə əlaqədar Naxçıvana səfəri zamanı bu muzeydə olması əlamətdar hadisələrdən ən yaddaqalanıdır.
Vurğulanıb ki, Naxçıvan xalçaları qədim zamanlardan Azərbaycan xalçaçılıq sənətinin ən gözəl nümunələri hesab edilir. Muzeyin fonduna 4000-ə yaxın eksponat toplanıb ki, onlardan 400-dən çoxu ekspozisiyada sərgilənir.
AİLƏ TƏSƏRRÜFATLARI İLƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLİB
17.02.2021
17 fevral 2021-ci il tarixdə Culfa rayonunun Əbrəqunus kəndində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfatı nazirliklərinin, AMEA Naxçıvan Bölməsinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ailə təsərrüfatları ilə maarifləndirici görüş keçirilib.
Tədbiri giriş sözü ilə Culfa Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı Valeh Kəngərli açaraq muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafına göstərilən dövlət qayğısından danışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq aid təşkilatların nümayəndələri tərəfindən nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı müvafiq mütəxəssis məsləhətləri ailə təsərrüfatları nümayəndələrinin diqqətinə çatdırılıb.
TORPAQLARIN MÜNBİTLİYİNİN ARTIRILMASI İLƏ BAĞLI SEMİNAR – MÜŞAVİRƏ KEÇİRİLİB
16.02.2021
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Şahbuz rayonunda Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib.
Seminar - müşavirəni giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Söhrab Kərimov açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov bildirb ki, torpaqların münbitliyinin azalmasının qarşısını almaq üçün ilk növbədə suvarma düzgün təşkil olunmalı, taxıl əkinində şırım üsulu ilə əkinə diqqət yetirilməli, aqro texniki tədbirlərin düzgün aparılması, üzvi və mineral gübrələrin vaxtında və normada verilməsinə xüsusi diqqət yetirilməli, növbəli əkin sistemi tətbiq olunmalıdır.
