Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - CULFA RAYONUNDA “BƏLƏDİYYƏ TORPAQLARININ İCARƏYƏ VERİLMƏSİNİN XÜSUSİYYƏTLƏRİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB

CULFA RAYONUNDA “BƏLƏDİYYƏ TORPAQLARININ İCARƏYƏ VERİLMƏSİNİN XÜSUSİYYƏTLƏRİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB

14.04.2021

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Culfa rayonunun Camaldın kəndində “Bələdiyyə torpaqlarının icarəyə verilməsinin xüsusiyyətləri” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə Culfa Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mehdi Paşayev açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.

“Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı qanunvericiliyin tələbləri və bələdiyyələrin vəzifələri” mövzusunda çıxış edən Ədliyyə Nazirliyinin əməkdaşı Xəyal Eyvazov bildirib ki, bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarına görə bələdiyyə torpaqlarının tərkibinə müvafiq inzibati ərazi daxilində dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar daxildir.

İcarəyə verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi və torpaqların münbitliyinin artırılması sahəsində qanunla müəyyən edilmiş tələblərə əməl edilməsi bələdiyyə torpaqlarının idarə edilməsi sahəsində bələdiyyələrin üzərinə qoyulan mühüm vəzifələrdir.

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin sektor müdiri Oqtay Məmmədov bildirib ki, bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqlarının hüquqi və fiziki şəxslərin icarəsinə verilməsi muxtar respublika əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində xüsusi rol oynayır. Buna görə də həmin torpaqlar yalnız məqsədli təyinatı üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilməlidir.

Ədliyyə Nazirliyinin qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov bələdiyyə aktları üzrə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələbləri mövzusunda məlumat verib.

 

Baxılıb: 455