TORPAQLARIN QİDA MADDƏLƏRİ İLƏ TƏMİNOLUNMA KARTOQRAMLARININ ƏHƏMİYYƏTİ BARƏDƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB
16.03.2021
Ordubad Rayonunun Çənnəb kənd mərkəzində Rayon ərazisində torpaqların qida maddələri ilə təminolunma kartoqramlarının əhəmiyyəti barədə Rayon icra nümayəndələri, bələdiyyə sədrləri və torpaq mülkiyyətçilərinin iştirakı ilə seminar-müşavirə keçirilib
Tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyəti aparatının böyük məsləhətçisi Nurlan Səfərli açaraq Rayonun coğrafi mövqeyinin kənd təsərrüfatı məhsulları istehsalındakı rolundan, aqrar sahədə, eləcə də torpaqların münbitliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlərdən və muxtar respublikamızda torpaq mülkiyyətçilərinə göstərilən dövlət qayğısından danışıb.
Seminar-müşavirədə torpağın məhsuldarlığının artırılmasında torpaqların qida maddələri ilə təminolunma kartoqramlarının, habelə torpaq münbitliyinin əhəmiyyəti və onun artırılması yolları, torpaqlardan səmərəli istifadə və torpaq mülkiyyətçilərinin mülkiyyət hüquqları, növbəli əkin sistemindən və gübrələrdən düzgün istifadənin məhsuldarlıqda əsas amil olması, torpaq analizlərinin aparılması, kartoqramların əhəmiyyəti və istifadə qaydaları torpaq mülkiyyətçilərinin diqqətinə çatdırılıb.
ORDUBAD RAYONUNDA AİLƏ TƏSƏRRÜFATLARI İLƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB
15.03.2021
Ordubad rayonunun Dəstə kənd mərkəzində rayon ərazisində fəaliyyət göstərən ailə təsərrüfatları və torpaq mülkiyyətçiləri ilə seminar-müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyəti aparatının böyük məsləhətçisi Nurlan Səfərli açaraq Rayonda aqrar sahədə həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələrdən, muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafına göstərilən dövlət qayğısından danışıb.
Ailə təsərrüfatlarının inkişafı ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında aid təşkilatların nümayəndələri tərəfindən nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə müvafiq mütəxəssis məsləhətləri - ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, qablaşdırılması və etiketlənməsi, yaz əkinlərinin əkin atlaslarına uyğun aparılması və növbəli əkin sisteminin tətbiqi barədə məlumatlar ailə təsərrüfatları nümayəndələrinin diqqətinə çatdırılıb.
RAYONDA MÜLKİYYƏT HÜQUQLARININ DÖVLƏT QEYDİYYATI DAVAM ETDİRİLİR
12.03.2021
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması zamanı vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, eləcə də vətəndaşların rahatlığının təmin edilməsi fevral ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən diqqət mərkəzində saxlanılıb, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət artırılıb.
Ötən ay 16 fərdi yaşayış evinə, 4 mənzilə, 2 qeyri yaşayış binasına, 2 qeyri yaşayış sahəsinə məxsus, ümumilikdə 24 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 72 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. Əmlakın olub olmaması ilə bağlı 35, məhdudiyyət və yüklülüyə dair 91 arayış hazırlanaraq vətəndaşlara təqdim edilib,41 müayinə aktı yazılıb.
Rayonun Yengicə, Şəhriyar, Dəmirçi və Arbatan kəndlərinin ərazisində torpaqlardan istifadəyə nəzarət sahəsində aparılan monitorinqlər başa çatdırılıb, müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində işlər aparılıb.
DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏR OPERATİV İCRA OLUNUR
11.03.2021
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, vətəndaş müraciətlərinin operativ şəkildə cavablandırılması qarşıda duran həlli vacib məsələlərdən biri kimi diqqət mərkəzində saxlanılıb. Bu baxımdan daşınmaz əmlak, torpaq və digər fəaliyyət istiqamətləri üzrə görülən işlər fevral ayında da mütəşəkkilliklə davam etdirilmiş, 17 texniki pasport hazırlanmış, 88 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim olunmuşdur.
Ötən dövrdə hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 113 müraciət daxil olmuş, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qeydiyyata alınmışdır. Məhdudiyyət və yüklülüyə dair 64 arayış verilmişdir.
