Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ÖTƏN AY 669 DAŞINMAZ ƏMLAK OBYEKTI ÜZƏRİNDƏ HÜQUQLAR DÖVLƏT QEYDİYYATINA ALINMIŞDIR

ÖTƏN AY 669 DAŞINMAZ ƏMLAK OBYEKTI ÜZƏRİNDƏ HÜQUQLAR DÖVLƏT QEYDİYYATINA ALINMIŞDIR

06.05.2021

Muxtar respublikada vətəndaşların mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması zamanı operativliyin təmin edilməsi, əmlak və torpaq münasibətlərinin nizamlanmasında fəaliyyətin təkmilləşdirilməsi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aprel ayı ərzində diqqət mərkəzində saxlanılmışdır.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq muxtar respublikanın Sədərək rayonu ərazisində 157 hektar yeni salınmış meyvə bağı və 46 hektar meşə zolağı plana alınaraq xəritələşdirilmişdir.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na və Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq Babək rayonunda və Şahbuz rayonunun Aşağı Qışlaq kəndində rayon icra hakimiyyəti başçısının nümayəndələrinin, bələdiyyələrin, torpaq mülkiyyətçilərinin, istifadəçi və icarəçilərinin, o cümlədən ailə təsərrüfatlarının nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilmişdir.

Ötən ay Culfa və Ordubad rayonları ərazisində mövcud olan kanal, kollektor və drenaj şəbəkələrinin əhatə etdiyi ərazilərin topoqrafik xəritələri hazırlanmışdır. Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə edilmiş dəyişikliklərin torpaqların elektron kadastr uçotu informasiya sistemində əks olunması təmin olunmuş, həmin rayonların yeni sərhədləri rəqəmsal kadastr xəritəsinə köçürülmüşdür.

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində işlər də davam etdirilmişdir. Belə ki, ay ərzində Şərur rayonunun Çərçiboğan, Ələkli, Çomaxtur kəndlərinin ərazisində aparılmış monitorinqlər başa çatdırılmış, qeyd olunan yaşayış məntəqələrində və Kəngərli rayonunun Böyükdüz, Qabıllı, Xıncab, Təzəkənd, Yurdçu, Qarabağlar və Şahtaxtı kəndlərinin ərazisində aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılmışdır.

Hesabat ayında 669 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, 506 texniki sənəd hazırlanmış, yeni yaranmış 45 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 96 torpaq sahəsinin plan ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. Səyyar xidmət vasitəsilə 8 yaşayış məntəqəsində vətəndaşların müraciətinə baxılmış, 2 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, 6 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilmişdir.

Baxılıb: 273