NÖVBƏTİ SEMİNAR-MÜŞAVİRƏ BABƏK RAYONUNDA KEÇİRİLİB
23.04.2021
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Babək rayonunun Güznüt kəndində torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib.
Seminar - müşavirəni giriş sözü ilə Babək Rayon İcra Hakimiyyəti Aparatının İqtisadiyyat şöbəsi müdirinin müavini Azər Hümbətov açaraq rayonun muxtar respublikada kənd təsərrüfatı sahəsindəki rolundan, qazanılmış nailiyyətlərdən, eləcə də keçirilən tədbirin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
Daşınmaz Əmlak və Torpaq Məsələləri Üzrə Dövlət Xidmətinin sektor müdiri Oqtay Məmmədov bildirib ki, mövcud torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi, uzun müddət əkin dövriyyəsindən kənarda qalmış torpaqların münbitləşdirilməsi və yenidən əkin dövriyyəsinə qaytarılması qarşıda duran əsas vəzifədir.
Kənd Təsərrüfatı Nazirliyinin aparıcı məsləhətçisi Səməddin Əsgərov şoranlaşmaya meyilli torpaqlarda pestisid yükünün minimum səviyyəyə endirilməsi, şoran, eləcə də fiziki-kimyəvi cəhətdən əlverişli olmayan torpaqların yuyulması və yararlı vəziyyətə gətirilməsindən, müasir aqrotexniki və aqrokimyəvi tədbirlərin vaxtında və düzgün aparılmasından və mütərəqqi əkin üsullarının tətbiqindən bəhs edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparıcı məsləhətçisi Rəsul Məmmədov torpağın münbitliyinin bərpası məqsədilə yay və qış otlaqlarında, kəndətrafı örüş sahələrində eroziyanın və səhralaşmanın, habelə ərazilərin mal-qara ilə normadan artıq yüklənməsinin qarşısının alınması, bitki örtüyü zəif inkişaf etmiş ərazilərin təsərrüfat dövriyyəsindən müvəqqəti çıxarılmasından və münbitliyin artırılması sahəsində tədbirlərin həyata keçirilməsindən danışıb.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin baş məsləhətçisiMəftun Kərimov qrunt sularının səviyyəsinin yüksək olduğu ərazilərdə yeni drenaj-kollektor şəbəkələrinin tikintisinin aparılması, mövcud kanallarda su sızmalarının qarşısının alınması, düzgün növbəli əkin sisteminin tətbiq edilməsi barədə məlumat verib.
Sonda tədbir iştirakçılarına bukletlər paylanıb, mövzu ətrafında müzakirələr aparılaraq, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Baxılıb: 318