“ƏLİNCƏQALA” TARİX MƏDƏNİYYƏT MUZEY KOMPLEKSİ VƏ GÜLÜSTAN TÜRBƏSİ ZİYARƏT EDİLİB
31.05.2021
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitunun kollektivləri 29 may 2021-ci il tarixdə “Əlincəqala” Tarix Mədəniyyət Muzey Kompleksi və Gülüstan türbəsini ziyarət ediblər.
Məlumat verilib ki, Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamı ilə yaradılıb. Muzey ekspozisiya zalından və 2 iş otağından ibarətdir. Muzeyin fondunda ümumilikdə 250 eksponat vardır ki, bunlardan da 167-si muzeyin ekspozisiyasında sərgilənir. Ekspozisiya zalında ümummilli lider Heydər Əliyevin “Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb yaratdığını göstərir” fikri, Əlincəqalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitabları, qəzet məqalələri, qalanın bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri nümayiş etdirilir.
Gülüstan türbəsində bildirilib ki, türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə yenidən bərpa olunub. XII əsr Azərbaycan xatirə memarlığının ən dəyərli nümunələrindən biri olan və Əcəmi Əbubəkr oğlu Naxçıvani yaradıcılığının ənənələrini özündə əks etdirən, Naxçıvan memarlıq məktəbinin ən gözəl və özünəməxsus nümunələrindən sayılan türbə sərdabə, gövdə və üst piramidalı örtükdən ibarətdir.
Baxılıb: 337