“ƏLİNCƏQALA” TARİX MƏDƏNİYYƏT MUZEY KOMPLEKSİ VƏ GÜLÜSTAN TÜRBƏSİ ZİYARƏT EDİLİB
31.05.2021
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitunun kollektivləri 29 may 2021-ci il tarixdə “Əlincəqala” Tarix Mədəniyyət Muzey Kompleksi və Gülüstan türbəsini ziyarət ediblər.
Məlumat verilib ki, Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamı ilə yaradılıb. Muzey ekspozisiya zalından və 2 iş otağından ibarətdir. Muzeyin fondunda ümumilikdə 250 eksponat vardır ki, bunlardan da 167-si muzeyin ekspozisiyasında sərgilənir. Ekspozisiya zalında ümummilli lider Heydər Əliyevin “Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb yaratdığını göstərir” fikri, Əlincəqalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitabları, qəzet məqalələri, qalanın bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri nümayiş etdirilir.
ŞAHBUZ RAYONUNDA MAARİFLƏNDİRMƏ TƏDBİRİ KEÇİRİLİB
27.05.2021
Şahbuz rayonunun Qızıl Qışlaq kəndində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib.
Seminar-müşavirəni giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Söhrab Kərimov açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.
Seminar-müşavirədə aid təşkilatların nümayəndələri tərəfindən torpaqların münbitliyinin azalmasının qarşısını almaq üçün ilk növbədə suvarmanın düzgün təşkil olunması, taxıl əkinində şırım üsulu ilə əkinə diqqət yetirilməsi, aqro texniki tədbirlərin düzgün aparılması, üzvi və mineral gübrələrin vaxtında və normada verilməsinə xüsusi diqqət yetirilməsi, növbəli əkin sisteminin tətbiq olunmasının vacibliyi, eyni zamanda torpaqların məişət və kimyəvi tullantılarla çirkləndirilməsi, yay otlaqlarında heyvanların normadan artıq otarılması torpaqların münbitliyinin azalmasına səbəb olması barədə torpaq mülkiyyətçiləri və sahibkarlara məlumat verilib.
BABƏK RAYONUNDA AİLƏ TƏSƏRRÜFATLARI İLƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLİB
26.05.2021
Babək şəhərində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfatı nazirliklərinin, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun, eləcə də Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ailə təsərrüfatları ilə maarifləndirici görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq aid təşkilatların nümayəndələri tərəfindən nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı müvafiq mütəxəssis məsləhətləri ailə təsərrüfatları nümayəndələrinin diqqətinə çatdırılıb.
Əkin atlaslarına uyğun əkinlərin aparılmasının, torpaqlardan səmərəli istifadə sahəsində qanunvericiliyin tələblərinə diqqət yetirilməsinin, daşınmaz əmlak obyektlərinin pasportlaşdırılmasının əhəmiyyəti, hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün lazım olan əsaslar, eləcə də meyvə, tərəvəz və bostan məhsullarının qurudulması və qablaşdırılmasının, kataloqunun hazırlanmasının əhəmiyyəti barədə təsərrüfat sahiblərinə məlumat verilib.
CULFA RAYONUNDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB
20.05.2021
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Culfa Rayonunun Əbrəqunus kəndində torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib.
Seminar-müşavirədə aid təşkilatların nümayəndələri tərəfindən torpaqların münbitliyinin əhəmiyyəti və onun artırılması yolları, torpaqlardan səmərəli istifadə və torpaq mülkiyyətçilərinin mülkiyyət hüquqları, gübrələrdən düzgün istifadənin məhsuldarlıqda əsas amil olması, aqrotexniki tədbirlərin düzgün aparılması, örüş sahələrində eroziyanın və səhralaşmanın, habelə ərazilərin mal-qara ilə normadan artıq yüklənməsinin qarşısının alınması, qrunt sularının səviyyəsinin yüksək olduğu ərazilərdə yeni drenaj-kollektor şəbəkələrinin tikintisinin aparılması, mövcud kanallarda su sızmalarının qarşısının alınması, düzgün ottarlalı növbəli əkin sisteminin tətbiq edilməsi barədə iştirakçılara məlumat verilib.
