Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - BABƏK RAYONUNDA AİLƏ TƏSƏRRÜFATLARI İLƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLİB

BABƏK RAYONUNDA AİLƏ TƏSƏRRÜFATLARI İLƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLİB

26.05.2021

Babək şəhərində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfatı nazirliklərinin, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun, eləcə də Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ailə təsərrüfatları ilə maarifləndirici görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq aid təşkilatların nümayəndələri tərəfindən nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı müvafiq mütəxəssis məsləhətləri ailə təsərrüfatları nümayəndələrinin diqqətinə çatdırılıb.

Əkin atlaslarına uyğun əkinlərin aparılmasının, torpaqlardan səmərəli istifadə sahəsində qanunvericiliyin tələblərinə diqqət yetirilməsinin, daşınmaz əmlak obyektlərinin pasportlaşdırılmasının əhəmiyyəti, hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün lazım olan əsaslar, eləcə də meyvə, tərəvəz və bostan məhsullarının qurudulması və qablaşdırılmasının, kataloqunun hazırlanmasının əhəmiyyəti barədə təsərrüfat sahiblərinə məlumat verilib.

 Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və bukletlər təqdim olunub.

Baxılıb: 348