3 ÖLÇÜLÜ XƏRİTƏLƏRİN VƏ NAVİQASİYA SİSTEMLƏRİNİN HAZIRLANMASI İLƏ BAĞLI TƏLİM KEÇİRİLİB
08.01.2022
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Xidmət əməkdaşlarının və Xidmətin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “Geodeziya və xəritəçəkmə”, “Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisaslarında təhsil alan tələbələrin iştirakı ilə 3 ölçülü xəritələrin və naviqasiya sistemlərinin hazırlanması ilə bağlı təlim keçirilib.
Coğrafi informasiya sistemlərinin yaradılmasında qabaqcıl təcrübəyə malik 4 MAPS MMC-nin direktoru və layihə rəhbərləri tərəfindən keçirilən təlimdə 3 ölçülü kadastr işlərinin aparılması və xəritələrin tərtib edilməsi, mütərəqqi üsullarla rəqəmsal ünvan xəritələrinin və naviqasiya sistemlərinin hazırlanması ilə bağlı iştirakçılara ətraflı məlumat verilib. Təlim zamanı məlumatların toplanması, emalı, ərazi çəkilişləri zamanı diqqət yetirilməli məqamlar, informasiya bazalarının yaradılmasının, global xəritə platformalarında məlumatların yenilənməsinin əsas prinsipləri barədə izahat verilib, 4 MAPS MMC tərəfindən icra olunan layihələrdən nümunələr təqdim edilib.
MUXTAR RESPUBLİKADA MEYVƏ BAĞLARININ VƏ YAŞILLIQ SAHƏLƏRİNİN İNVENTARLAŞDIRILMASI BAŞA ÇATDIRILIB
28.12.2021
Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının əsas sahələrindən birini meyvəçilik və tərəvəzçilik təşkil edir. Bu sahənin inkişafında kompleks yanaşmanı ehtiva edən tədbirlərin sayı ildən-ilə artır və əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi daim diqqətdə saxlanılır. Aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, ötən dövrdə meyvə-tərəvəz əkinlərinin sahəsi genişləndirilmiş, müvafiq sahələr üzrə məhsuldarlıq yüksəlmiş, meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişafı təmin olunmuşdur.
Bu müsbət tendensiyanın davamlılığını təmin etmək, meyvə-tərəvəzə olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılmasına, müvafiq sahədə ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsinə, müasir texnologiyalar əsasında yeni meyvə və tərəvəz emalı müəssisələrinin qurulmasına nail olmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə “2021- 2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət proqramının həyata keçirilməsi üzrə təsdiq olunmuş tədbirlər planında digər qurumlarla yanaşı, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qarşısına da müəyyən vəzifələr qoyulmuşdur.
ƏSGƏRLƏRƏ BAYRAM SOVQATI APARILIB
27.12.2021
27 dekabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin kollektivi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Naxçıvan şəhərində yerləşən hərbi hissədə xidmət edən əsgərlələ görüşüb.
Muxtar respublikamızda əlamətdar günlərdə əsgərlərlə görüşlərin keçirilməsinin ənənə halını aldığını qeyd edən Xidmətin rəisi Müslüm Cabbarzadə əsgər və zabit heyətini düşmən üzərində böyük qələbə münasibəti ilə təbrik edib.
Bildirilib ki, bayram günlərində hərbi hissələrə sovqatların aparılması, əsgərlərlə həmrəylik nümayiş etdirilməsi xalq-ordu birliyinin daha bir ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatı ildən-ilə daha da möhkəmləndirilir, yeni əsgəri-məişət kompleksləri tikilib istifadəyə verilir.
HÜQUQLARIN DÖVLƏT QEYDİYYATINA ALINMASI İLƏ BAĞLI 63 MÜRACİƏTƏ BAXILIB
15.12.2021
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən texniki sənədlərin hazırlanması, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı noyabr ayı ərzində də diqqətdə saxlanılıb.
Ötən ay 18 fərdi yaşayış evinə, 2 mənzilə məxsus texniki pasport hazırlanıb, 37 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 35 müayinə aktı tərtib edilib.
Hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar dövlət reyestrindən 63 çıxarış hazırlanıb, məhdudiyyət və yüklülüyə dair 50 arayış verilib.
Ay ərzində daxil olmuş 7 şifahi müraciət əsasında əmlaklara yerində baxış keçirilib, torpaq sahələrinin sərhədləri dəqiqləşdirilib və müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.
