2021-Cİ İL ƏRZİNDƏ DÖVLƏT QEYDİYYATINA ALINMIŞ DAŞINMAZ ƏMLAKLARIN SAYI 20,6% ARTIB
19.01.2022
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən tətbiq edilən yeniliklər, göstərilən xidmətlərin müasirləşdirilməsi daşınmaz əmlakın qeydiyyatını sadələşdirib. Ötən illə müqayisədə dövlət reyestrində qeydiyyata alınan daşınmaz əmlak sayı 20,6% artıb.
2021-ci il ərzində Naxçıvan şəhəri üzrə 3216, Şərur rayonu üzrə 1346, Babək rayonu üzrə 1247, Ordubad rayonu üzrə 487, Culfa rayonu üzrə 525, Şahbuz rayonu üzrə 373, Kəngərli rayonu üzrə 231, Sədərək rayonu üzrə 78, ümumilikdə muxtar respublika üzrə 7503 daşınmaz əmlak obyekti qeydiyyata alınıb.
ÖTƏN İLİN YEKUNLARI MÜZAKİRƏ OLUNUB
18.01.2022
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində keçirilən kollegiya iclasında xidmətin rəisi Müslüm Cabbarzadə bildirib ki, torpaqların elektron uçotunun aparılması və təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətinin gücləndirilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi 2021-ci il ərzində də davam etdirilib.
Qeyd olunub ki, Araz Su Anbarı üzərində qurulacaq yeni nasos stansiyasından qidalanması nəzərdə tutulan suvarma şəbəkəsinin əhatə etdiyi ərazilərdə topoqrafik planaalma işləri aparılıb, torpaq sahələrinin eksplikasiyası tərtib edilib. Dövlət Proqramına uyğun olaraq muxtar respublika üzrə 2004 hektar meyvə bağı, 355 hektar üzümlük, 888 hektar meşə zolağı plana alınaraq xəritələşdirilib, əkin atlaslarına uyğun əkinlərin aparılması, torpaqların səmərəli istifadə edilməsi, münbitliyinin qorunması və artırılması barədə maarifləndirmə işləri aparılıb. Həmçinin ümumilikdə, muxtar respublika üzrə eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış 8583 hektar torpaq sahəsi xəritələşdirilib.
ÖTƏN İL ŞƏRUR RAYONUNDA HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI 2,6 FAİZ ARTIB
18.01.2022
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi 2021-ci ildə də Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən diqqət mərkəzində saxlanılıb, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət artırılıb.
Ötən il 237 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 966 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. 2020-ci illə müqayisədə hazırlanan texniki sənədlərin sayı 2,6% artıb. Əmlaka sahibliklə ilə bağlı 273, məhdudiyyət və yüklülüyə dair 1066 arayış hazırlanaraq vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması zamanı 399 müayinə aktı yazılıb, 39 bölünmə və birləşmə planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunub.
172 vətəndaşın müraciəti ilə əlaqədar əmlaklara yerində baxış keçirilib, torpaq sahələrinin sərhədləri dəqiqləşdirilib, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə rayonun 28 yaşayış məntəqəsində monitorinqlər aparılıb, torpaqlardan qanunsuz istifadəyə dair aşkar edilmiş faktlar aradan qaldırılıb.
MUXTAR RESPUBLİKADA TORPAQLARDAN İSTİFADƏYƏ VƏ ONLARIN MÜHAFİZƏSİNƏ DÖVLƏT NƏZARƏTİ GÜCLƏNDİRİLİB
10.01.2022
Naxçıvan Muxtar Respublikasında torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, eləcə də daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində ardıcıl fəaliyyətin təmin edilməsi ötən ilin dekabr ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılıb, xidmətin fəaliyyət sahələri üzrə işlər uğurla icra olunub.
Ötən ay ərzində 697 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 584 texniki sənəd hazırlanıb, yeni yaranmış 40 daşınmaz əmlak obyektinə ünvan verilib, 96 torpaq sahəsinin plan ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Səyyar xidmət vasitəsilə 8 yaşayış məntəqəsində vətəndaşların müraciətinə baxılıb, 7 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib.
Culfa və Babək rayonları ərazisində qapalı suvarma şəbəkəsinin çəkilməsi üçün layihələndirilən ərazilərin topoqrafik planları, eləcə də 39 dislokasiya xəritəsi hazırlanaraq aidiyyəti üzrə təhvil verilib. Kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranmış hüquqlara dair 1387 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib.
