“ƏMLAK” İNFORMASİYA BÜLLETENİNİN SƏKKİZİNCİ NÖMRƏSİ ÇAP EDİLİB
04.03.2022
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Əmlak” informasiya bülleteninin səkkizinci nömrəsi “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək keyfiyyətlə çapdan çıxıb.
İnformasiya bülletenində Kəngərli rayonunda torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə qapalı suvarma şəbəkəsinin qurulması, Culfa şəhərində dövlət qurumları üçün yeni inzibati binanın və çoxmənzilli yaşayış binasının açılışına dair rəsmi məlumatlar yer alıb. Muxtar respublikada mülkiyyət növləri üzrə torpaqlardan istifadə vəziyyəti, əkinəyararlı torpaq sahələrindən digər məqsədlər üçün istifadənin qarşısının alınması, torpaqlardan istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə aparılan monitorinqlər barədə xəbərlər yerləşdirilib. Xidmətin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə görüş, 3 ölçülü xəritələrin və naviqasiya sistemlərinin hazırlanması ilə bağlı təlimlər barədə materiallar verilib.
Qəbul edilmiş Dövlət Proqramlarına uyğun olaraq meyvə-tərəvəz əkinlərinin sahəsinin genişləndirilməsi, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan meyvə bağları və yaşıllıq sahələrinin uçotunun dəqiqləşdirilməsi, meşə, meşə zolağı və çoxillik əkmələrin mülkiyyət növləri və uqodiyalar üzrə xəritələşdirilməsi və inventarlaşdırılması ilə bağlı həyata keçirilmiş tədbirlərin icrası nömrədə geniş işıqlandırılıb.
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron yeniliklərin tətbiqi, daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirin vergiyə cəlb edilməsi, 2021-ci il ərzində Dövlət Proqramlarının müvafiq bəndlərinin uğurla icra olunması barədə geniş materiallar yerləşdirilib. Nömrədə həmçinin xidmətin fəaliyyət istiqamətləri üzrə muxtar respublikanın rayonlarında keçirilmiş maarifləndirici tədbirlərə dair xəbərlərə yer ayrılıb, habelə il ərzində görülmüş işlərə dair statistik məlumatlar, cədvəl və diaqramlar verilib.
Vətəndaşlardan daxil olan sorğular əsasında sual-cavab rubrikası hazırlanıb.
Baxılıb: 409