XİDMƏTİN KOLLEKTİVİ “NAXÇIVANQALA” TARİX-MEMARLIQ MUZEY KOMPLEKSİNDƏ OLUB
21.02.2022
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitunun kollektivləri 19 fevral 2022-ci il tarixdə Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət edib.
Məlumat verilib ki, Naxçıvan abidələri içərisində mühüm əhəmiyyətə malik “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 05 iyun 2013-cü il tarixli Sərəncamı ilə yaradılmışdır. “Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi 5 min il bundan əvvəl Naxçıvan qədim şəhər mədəniyyətinin formalaşdığı əraziyə daxildir. Ərazidə gedən müharibələr nəticəsində Naxçıvanqala bir neçə dəfə dağıdılmış, sonra yenidən bərpa edilmişdir. Muxtar respublikada aparılan abadlıq-quruculuq işləri nəticəsində ərazidə bərpa işləri aparılmış, 2014-cü ildə muzey kompleksi kimi fəaliyyətə başlamışdır.
Qeyd olunub ki, muzeyin fondunda 500-dən çox eksponat vardır. Həmin eksponatların əksəriyyəti ekspozisiyada nümayiş etdirilir. E.e V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır.
Burada həm də müxtəlif xalçalar və XIX əsrə aid milli geyimlər də nümayiş olunur. Kompleksdə nümayiş olunan abidələr Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və adət-ənənələrinin qədim köklərə malik olduğunu göstərir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi bəşər sivilizasiyasının ilk beşiklərindən olan Naxçıvan diyarının əsrlər boyu Şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi olduğunu və bu torpağın antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zənginliyini sübut edir.
Baxılıb: 260