TORPAQLARDAN TƏYİNATINA UYĞUN SƏMƏRƏLİ İSTİFADƏ DİQQƏTDƏ SAXLANILIR
18.02.2022
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, Şərur Rayon İcra Hakimiyyəti və rayon Prokurorluğunun təşkilatçılığı ilə torpaqlardan təyinatına uyğun səmərəli istifadə olunması və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi barədə Şərur rayonunun Tənənəm kəndində torpaq mülkiyyətçiləri, istifadəçiləri, icarəçiləri və sahibkarlarla maarifləndirici görüş keçirilib.
Tədbiri Şərur Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı Mais Cavadov açaraq tədbirin əhəmiyyətindən, rayonda aqrar sahəyə göstərilən dövlət qayğısından bəhs edib, habelə torpaqlardan təyinatına uyğun səmərəli istifadə barədə məlumat verib.
Tədbirdə qeyd olunub ki, yoxlamalar nəticəsində ən çox rast gəlinən problemlər torpaqlardan təyinatı üzrə istifadə edilməməsi, mühafizə zonalarının qanunsuz çəpərlənməsi və tikililərin inşa edilməsidir. Bəzi hallarda vətəndaşlar mühafizə zonaları ilə bağlı qadağa və tələblərdən məlumatsız olurlar. Həmin vətəndaşlarla fərdi qaydada maarifləndirici söhbətlər aparılır, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbləri, yəni torpaq sahələrinin özbaşına tutulması, zəbt olunmasının qadağan olunduğu izah edilir.
İştirakçılarının diqqətinə çatdırılıb ki, bu cür qanunsuz hərəkətlərin nəticəsində kənd təsərrüfatına yararlı torpaqların sahəsi azalır, torpaqların məqsədli istifadəsində maneələr ortaya çıxır, qanunsuz tikililərin sayı artır.
Tədbirin sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Baxılıb: 231