PREZİDENT İLHAM ƏLİYEVİN AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ SEÇİLMƏSİNİN 20 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
16.10.2023
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində keçirilən tədbirdə Xidmətin rəisi Müslüm Cabbarzadə çıxış edərək bildirib ki, dövlətçilik tariximizin son 20 ili dinamik və hərtərəfli inkişaf dövrü, iqtisadi güc və hərbi potensialın yaradılması, böyük uğurlar, möhtəşəm qələbələr, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə xarakterizə edilir. Qazanılan nailiyyətlərin təməlində isə Ulu Öndər Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır.
Qeyd edilib ki, 2003-cü il oktyabrın 15-də xalqın sonsuz inamı və böyük rəğbəti ilə Prezident seçilən cənab İlham Əliyevin ali dövlət vəzifəsində nümayiş etdirdiyi peşəkarlıq və yüksək idarəçilik məharəti sayəsində bu gün ölkəmiz regionun lider dövləti, qlobal miqyaslı söz sahibidir. Ötən 20 il ərzində Prezident İlham Əliyev xalqımıza verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirmiş, Ulu Öndərimiz Heydər Əliyevin arzularının və vəsiyyətinin reallaşmasını təmin edərək doğma Azərbaycanımızı qalib ölkəyə çevirmişdir.
CARİ İLİN DOQQUZ AYI ƏRZİNDƏ MUXTAR RESPUBLİKADA 8 MİNƏ YAXIN DAŞINMAZ ƏMLAK OBYEKTİNİN QEYDİYYATI APARILIB
16.10.2023
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, eləcə də vətəndaşların rahatlığının təmin edilməsi 2023-cü ilin doqquz ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqət mərkəzində saxlanılıb.
Muxtar respublika üzrə yanvar-sentyabr ayları ərzində 7 min 994 daşınmaz əmlak obyekti dövlət reyestrində qeydiyyata alınıb ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,7% çoxdur. Ümumi göstəricinin 2 min 737-si ilkin, 5 min 257-si isə təkrar qeydiyyatdır.
Ötən 9 ayda dövlət reyestrində qeydiyyata alınan daşınmaz əmlak obyektlərindən 3 min 131-i fərdi yaşayış evi, 2 min 888-i torpaq sahəsi, 1421-i mənzil, 257-si qeyri-yaşayış sahəsi, 210-u qeyri-yaşayış binası, 83-ü əmlak kompleksi kimi müəssisə, 4-ü isə çoxmərtəbəli yaşayış binası olub. Əmlakların 3 min 620-si və ya 45,2%-i Naxçıvan şəhəri üzrə, qalanı isə muxtar respublikanın rayonları üzrə qeydiyyata alınıb.
SENTYABR AYI ƏRZİNDƏ MUXTAR RESPUBLİKADA QEYDİYYATA ALINAN DAŞINMAZ ƏMLAKIN SAYI 1000-İ ÖTÜB
09.10.2023
Cari ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, vətəndaşlara operativ xidmət göstərilməsi diqqətdə saxlanılıb.
Ötən ay aidiyyəti qurumlarla birgə Culfa rayonunun bələdiyyə sədləri üçün “Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsinin xüsusiyyətləri” mövzusuna maarifləndirici tədbir təşkil olunub.
Vətəndaşlara göstərilən xidmətlər çərçivəsində muxtar respublika üzrə ümumilikdə 1006 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət reyestrində qeydiyyata alınıb. Müraciətlər əsasında 322 əmlaka dair texniki pasport, 509 torpaq sahəsinə dair plan-ölçü olmaqla, 831 texniki sənəd hazırlanıb. İlkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 104 daşınmaz əmlak obyektinə ünvan verilib, 173 torpaq sahəsinin plan və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb, məhdudiyyət və yüklülüyə dair 264 arayış verilib. Təqdim edilən elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən daxil olan 108 müraciət icra məqsədilə aidiyyəti üzrə yönəldilib.
MÜLKİYYƏT HÜQUQLARININ DÖVLƏT QEYDİYYATINA ALINMASI DİQQƏTDƏ SAXLANILIR
21.09.2023
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı vətəndaşlara avqust ayında da yüksək səviyyəli xidmətlər göstərilib. Xidmətin Şahbuz Rayon Şöbəsi ötən ay 16 fərdi yaşayış evinə məxsus texniki pasport hazırlayaraq hüquq sahiblərinə təqdim edib.
Şöbəyə plan-ölçünün hazırlanması üçün 40, hüquqların dövlət qeydiyyatına alınması üçün 60 vətəndaş müraciəti daxil olub ki, bunlara da operativ cavab verilib.
Texniki sənədlərin hazırlanması zamanı əmlaklara yerində baxış keçirilib, 34 müayinə aktı tərtib olunub. Məhdudiyyət və yüklülüyə dair 6, əmlakın olub-olmamasına dair 44 arayış verilib.
Ay ərzində daxil olan 4 şifahi müraciət əsasında yerində baxış keçirilən əmlaklarla bağlı vətəndaşlara qanunvericiliyin tələbləri izah edilib.
