“RƏQƏMSAL DÜNYAMIZ – GEO DATA” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLİB
23.11.2023
Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Naxçıvan Biznes Mərkəzində “Rəqəmsal dünyamız – GEO Data” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Rahid Ələkbərli konfransın əhəmiyyətinə toxunaraq vurğulayıb ki, dövrümüzdə coğrafi obyektlərin təsvirinin verilməsi və yaxud onların canlı xəritələrə köçürülməsinin bir sıra üstünlükləri mövcuddur. Hazırlanmış rəqəmsal xəritələrdə muxtar respublikanın inzibati ərazi vahidləri ilə yanaşı bir sıra infrastruktur, kommunikasiya və digər xəritə səviyyələrinin yaradılması və mütəmadi işlənməsi mümkündür. Bu da nəticə etibarı ilə vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi və onların rahatlığının təmin edilməsinə, bu sahədə əhəmiyyətli uğurların qazanılmasına şərait yaradacaqdır.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə “Rəqəmsal xəritələr: Müasir çağırışlar” mövzusunda çıxış edərək bildirib ki, hər sektordan minlərlə istifadəçi ünsiyyət qurmaq, təhlil aparmaq, məlumatı bölüşmək və mürəkkəb problemləri həll etmək üçün Rəqəmsal xəritələrin imkanlarından istifadə edir. Həmçinin, Xidmət rəisi Rəqəmsal xəritələrin üstünlüklərindən bəhs edərək vurğulayıb ki, Coğrafi İnformasiya Sistemindən istifadə etməklə yaradılan xəritələr hər kəs üçün əlçatandır. Belə ki, vətəndaşlar istənilən vaxt, istənilən yerdə tətbiqləri yükləməklə kompüterlərinin, istər planşetlərinin və ya smartfonlarında CİS-dən (Coğrafi İnformasiya Sistemi) istifadə edə bilərlər.
Rəqəmsal xəritələrin genişləndirilməsi və inkişafı istiqamətində vacib olan məqamlar işıqlandırılıb, müvafiq təşkilatlar işlərin təşkili istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin, beynəlxalq və qabaqcıl təcrübələr haqqında məlumatlar diqqətə çatdırılıb.
Sonra Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşlarının canlı xəritələrin emalı, işlənməsi kimi müxtəlif mövzularda təqdimatları dinlənilib.
Konfrans sual-cavab sessiyası ilə davam edib.
Baxılıb: 235