Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

TORPAQLARIN ELEKTRON KADASTR UÇOTU İNFORMASİYA SİSTEMİNİN PROQRAM TƏMİNATININ HAZIRLANMASI İSTİQAMƏTİNDƏ ƏSAS İŞLƏR YEKUNLAŞMAQ ÜZRƏDİR

08.07.2019

  Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində torpaqların elektron kadastr uçotu informasiya sisteminin proqram təminatının hazırlanması ilə bağlı növbəti müzakirələr aparılıb. İki gün davam edən müzakirələrdə iştirakçılar sistemin fəaliyyətini təmin edəcək proqram təminatının hazırlanması istiqamətində görülmüş işlər barədə məlumatlandırılıb, Komitənin mütəxəssisləri tərəfindən verilmiş təkliflər əsasında proqram təminatında aparılmış təkmilləşdirmə işləri və yeni funksionallıqlar nümayiş olunub. Sistemin hazır modullarının iş prinsipi sınaq rejimində yoxlanılıb, mövcud nöqsanların aradan qaldırılması və zəruri əlavələrin edilməsi üçün geniş fikir mübadiləsi aparılıb.
  Qeyd edək ki, sistem Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2 aprel 2016-cı il tarixli Fərmanına əsasən yaradılır və 2020-ci ilədək istifadəyə verilməsi nəzərdə tutulur.

BEŞİNCİ ÇAĞIRIŞ NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN ONUNCU SESSİYASINDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNUB

05.07.2019

  Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasını komitənin sədri Müslüm Cabbarzadə açaraq bildirib ki, 2019-cu ilin birinci yarısında muxtar respublikada əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması istiqamətində qarşıda duran vəzifələrin icrası diqqətdə saxlanılıb. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması istiqamətində əsas işlər yekunlaşdırılıb, Şərur və Babək rayonlarında planaalma işləri başa çatdırılıb. Cari ilin ötən dövründə 11 min 428 daşınmaz əmlak obyekti plana alınıb.
 Vurğulanıb ki, ötən dövrdə 113 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

  Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası məqsədilə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində daşınmaz əmlak obyektlərinin pasportlaşdırılması başa çatdırılıb, 65 fərdi yaşayış evinin mülkiyyətçisinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz ­əmlakın dövlət reyestrindən çıxarış verilib.

Ardını oxu »

KOMİTƏ ƏMƏKDAŞLARI ÜÇÜN QISAMÜDDƏTLİ TƏLİM TƏŞKİL EDİLİB

29.06.2019

  Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində “Torpaqların idarə edilməsi, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti” mövzusunda təlim keçirilib.
  Təlimdə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin rayon, şəhər idarələrinin əməkdaşları iştirak edib.
  Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə bildirib ki, komitənin bəzi rayon və şəhər idarələrində torpaqların idarə edilməsi ilə bağlı nöqsanlar aşkar edilib. Təlimin keçirilməsində məqsəd bu sahədə çatışmazlıqları aradan qaldırmaq, əməkdaşların bilik və bacarıqlarını inkişaf etdirməkdir.
  Təlimdə komitənin Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyev, Yerquruluşu, torpaq ehtiyatından istifadə və geodeziya, xəritəçəkmə işləri sektorunun müdiri Oqtay Məmmədov, Torpaq kadastr və qeydiyyat sektorunun aparıcı məsləhətçisi Samir Əkbərov mövzu ilə bağlı iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur.

Ardını oxu »

TORPAQLARDAN QANUNSUZ İSTİFADƏ HALLARININ QARŞISI ALINIR

20.06.2019

  Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə monitorinqlər davam etdirilir. Aparılan monitorinqlər zamanı Babək rayonunun Məzrə kəndində sakinlər tərəfindən qeyri qanuni istifadə faktları aşkar olunub. Kənd sakinləri tərəfindən qanunsuz istifadə edilən torpaq sahələrinin metal çəpərləri sökülərək əvvəlki vəziyyətinə qaytarılıb.

  Qeyd edək ki, Babək rayonunun Məzrə kəndində may-iyun aylarında aparılmış monitorinqlər nəticəsində 41 fiziki şəxs tərəfindən bələdiyyə mülkiyyətinə aid 2,4 ha torpaq sahəsinin zəbt olunması aşkar olunub. Bu cür halların aradan qaldırılması məqsədi ilə sakinlərə torpaq qanunvericiliyinin tələbləri izah edilib, maarifləndirmə işi aparılıb.

Ardını oxu »