Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

CARİ İLİN İLK ÜÇ AYI ƏRZİNDƏ 1378 DAŞINMAZ ƏMLAK OBYEKTİ DÖVLƏT QEYDİYYATINA ALINIB

06.04.2019

    Muxtar respublikada daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində ardıcıl fəaliyyətin təmin edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi 2019-cu ilin I rübü ərzində də Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqətdə saxlanılmışdır.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq 14 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, 18 ailə təsərrüfatının həyətyanı təsərrüfat binaları və 12 təsərrüfatın icarəyə götürdüyü torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır. Naxçıvan şəhərinin Tumbul və Qaraxanbəyli kəndlərində, Şərur rayonunun Kürkəndində, Şahbuz rayonunun Badamlı qəsəbəsində və Babək rayonunun Yuxarı Uzunoba kəndində ailə təsərrüfatlarına məxsus daşınmaz əmlak obyektlərinin pasportlaşdırılması, əkin atlaslarına uyğun əkinlərin aparılması ilə bağlı maarifləndirici tədbirlər keçirilmişdir. Kürkənd, Kürçülü, Sərxanlı, Qışlaqabbas, Püsyan və Qorçulu bələdiyyələrinin yeni hazırlanmış torpaqların qida maddələri ilə təmin olunma kartoqramları aid bələdiyyələrə təqdim edilmişdir.

Ardını oxu »

BABƏK RAYONUNDA PLANAALMA İŞLƏRİ BAŞA ÇATDIRILIB

28.03.2019

    “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2 aprel 2016-cı il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Babək rayonunun bütün yaşayış məntəqələrində torpaq sahələrinin konturlarının çöl geodeziya-ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi başa çatdırılıb. Planaalma işləri Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun mütəxəssisləri tərəfindən müasir geodeziya-ölçü avadanlıqlarından istifadə edilməklə yüksək dəqiqlik və keyfiyyətlə yerinə yetirilib.
  Rayonun 35 yaşayış məntəqəsində aparılmış planaalma işləri nəticəsində 19 mindən artıq daşınmaz əmlak obyektinin elektron kadastr məlumatları Komitənin informasiya bazasına daxil edilib, yaşayış məntəqələrinin yeni yerquruluşu xəritələri hazırlanıb.
    Rayonun bütün bələdiyyələrinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron torpaq kadastr xəritələri hazırlanıb, kadastr xəritələrinin məlumatları ilə torpaq reyestrində saxlanılan məlumatların uyğunluğu yoxlanılıb və uçotu aparılıb. Babək rayonunun 82842 ha ərazisinin 26537 hektarı dövlət, 43235 hektarı bələdiyyə, 13070 hektarı isə xüsusi mülkiyyətdə olan torpaq sahələridir.

Ardını oxu »

AILƏ TƏSƏRRÜFATLARI İLƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLİB

27.03.2019

    Martın 26-da Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində Naxçıvan şəhərində fəaliyyət göstərən ailə təsərrüfatları ilə maarifləndirici görüş keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov açaraq muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafına göstərilən qayğıdan danışıb.
    Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Əkbər Əliyev ailə təsərrüfatlarına məxsus daşınmaz əmlak obyektlərinin pasportlaşdırılmasının mahiyyəti və əsaslarından bəhs edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Tədbirlər Planında Komitənin qarşısına qoyulmuş vəzifələrin icrası məqsədi ilə ailə təsərrüfatları ilə əlaqə yaradılıb, pasportlaşdırma işinin aparılması üçün müvafiq məlumatlar toplanılıb.

Ardını oxu »

TORPAQLARDAN QEYRİ-QANUNİ İSTİFADƏ HALLARI ARADAN QALDIRILIR

14.03.2019

   Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Babək rayonunun Vayxır kəndində aparılan monitorinqlər zamanı torpaqlardan qeyri-qanuni istifadə faktları aşkar olunub. Kənd sakinləri Rövşən İsmayılov, Qurban Əhmədov, Nurəli Cahangirov və Rəşid Əhmədov tərəfindən zəbt edilən torpaq sahələrindəki çəpərlər sökülərək əvvəlki vəziyyətinə qaytarılıb. Monitorinq zamanı həmin şəxslərə zəbt etdikləri torpaq sahələrindən qanunsuz istifadə zamanı daşıyacaqları hüquqi məsuliyyət barədə məlumat verilib. Qeyd olunub ki, həmin ərazilər çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılacaq.
      Qeyd edək ki, rayonun Şıxmahmud, Xəlilli, Aşağı Uzunoba, Yuxarı Uzunoba, Nəzərabad və Didivar kəndlərində aşkar olunmuş qanun pozuntuları Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə uyğun olaraq aradan qaldırılmış və zəbt olunmuş torpaq sahələri bələdiyyə mülkiyyətinə qaytarılmışdır.

Ardını oxu »