TƏLƏBƏLƏR TƏRƏFİNDƏN GEODEZİYA ÖLÇMƏLƏRİ APARILIB
25.02.2020
Naxçıvan Dövlət Universitetinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hamiliyinə verilmiş “Torpaqşünaslıq və aqrokimya”, “Geodeziya və xəritəçəkmə” ixtisaslarında təhsil alan tələbələrə praktiki məşğələ keçirilib.
Xidmətin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun təcrübəli mütəxəssisləri tərəfindən tələbələrə yüksək dəqiqlikli geodeziya alətləri və onların iş prinsipi barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, müasir geodeziya alətləri topoqrafik planaalma işlərinin aparılmasında, xəritələrin hazırlanması üçün lazım olan məlumatların əldə edilməsində, layihələrin yerə köçürülməsində texniki cəhətdən əvəzsizdir. Bu alətlərlə məsafəni, yüksəkliyi, bucaqları, nöqtənin koordinatlarını, həmçinin alət qurulan nöqtənin koordinatlarına görə müşahidə edilən nöqtələrin koordinatlarını və yüksəkliyini müəyyən etmək mümkündür.
Sonra mütəxəssislərin köməyi ilə qruplar şəklində tələbələr tərəfindən universitet ərazisinin plana alınması həyata keçirilib. Əsas döngə nöqtələrini, ərazidəki obyektlərin yerləşməsini əks etdirən abrislər tərtib edilib.
Xidmətin inzibati binasında tələbələr çöl ölçmələrinin kompüterə köçürülməsi, ölçmə nəticəsində əldə edilmiş məlumatların xüsusi proqram təminatı vasitəsi ilə işlənməsi prosesini praktiki şəkildə yerinə yetirib. İki gün davam edən məşğələ zamanı ayrı-ayrı qruplar tərəfindən aparılmış ölçü işləri əsasında universitet ərazisinin planı hazırlanaraq təqdim edilib. Məşğələnin yekununda iş prosesi ilə bağlı müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, xidmətin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrin praktiki vərdişlərinin artırılması məqsədi ilə yay tətili müddətində onların ödənişli işlərə cəlbi də diqqətdə saxlanılır.
Baxılıb: 672