DÖVLƏT PROQRAMLARININ UĞURLU İCRASI MEYVƏÇİLİYİN VƏ TƏRƏVƏZÇİLİYİN İNKİŞAFINI TƏMİN EDİB
07.03.2020
Muxtar respublikada aqrar sahəyə dövlətin hərtərəfli qayğısı kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına, xüsusilə meyvə-tərəvəz yetişdirilməsinə əlverişli şərait yaradıb. Bu sahədə müasir infrastrukturun qurulması, qəbul edilən dövlət proqramları, güzəştli kredit şərtləri bol məhsul istehsalına və daxili bazarın tələbatının ödənilməsinə səbəb olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda yerli şəraitə uyğun məhsuldar sortların əkilməsi, mövcud torpaq sahələrindən daha səmərəli istifadə olunması, bu sahəyə dövlət dəstəyinin, daxili və xarici investisiyaların cəlb edilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi əsas vəzifələr kimi müəyyənləşdirilmişdir.
Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində muxtar respublikada meyvə-tərəvəz əkinlərinin sahəsi genişləndirilmiş, müvafiq sahələr üzrə məhsuldarlıq yüksəlmiş, meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişafı təmin olunmuşdur.
2019-cu il ərzində Culfa rayonunun Ərəzin bələdiyyəsinin mülkiyyətində 25 ha, Ordubad rayonunun Aşağı Əylis bələdiyyəsinin mülkiyyətində 1,0 ha, Dəstə bələdiyyəsinin mülkiyyətində 2,0 ha olmaqla 28 ha daşlıq, çınqıllıq ərazi abadlaşdırılaraq su ilə təmin edilmiş, həmin ərazilərdə yeni meyvə bağları salınmışdır. Həmçinin Babək rayon dövlət ehtiyat fondunda 72 ha meyvə bağı, 135 ha üzümlük, Naxçıvan şəhərində isə 69 ha sahədə meyvə bağı salınmışdır. Nəticədə 2018-ci illə müqayisədə çoxillik əkmələrin sahəsi 304 ha artırılaraq həyətyanı torpaq sahələrində salınmış meyvə bağları ilə birlikdə 6411 hektara çatdırılmışdır.
2019-cu ildə çoxillik əkmələrin 6027 hektarı meyvə bağları, 384 hektarı isə üzümlüklər olmuşdur. Əvvəlki illə müqayisədə meyvə əkinlərinin sahəsi 169 ha, üzümlüklərin sahəsi isə 135 ha artmışdır.
Ötən il muxtar respublikanın bütün şəhər və rayonlarında əkin atlaslarına uyğun əkinlərin aparılması məqsədi ilə torpaq mülkiyyətçiləri, icarəçiləri və istifadəçiləri ilə maarifləndirici görüşlərin keçirilməsi də diqqətdə saxlanılmış, Şərur rayonunun 6, Babək rayonunun 5 bələdiyyəsinin torpaqların qida maddələri ilə təmin olunmasına dair yeni kartoqramları hazırlanaraq müvafiq bələdiyyələrə təqdim olunmuşdur.
Baxılıb: 633