BƏHRUZ KƏNGƏRLİ MUZEYİ ZİYARƏT OLUNUB
02.03.2020
Fevralın 29-da Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun kollektivləri Bəhruz Kəngərli Muzeyində olublar.
Tanışlıq zamanı məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 may 2001-ci il tarixli Sərəncamı ilə yaradılıb. 2002-ci il iyunun 18-də muzeyin açılış mərasimində ümummilli lider Heydər Əliyev iştirak edib.
Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi tarixi bina XIX əsrin sonlarında qızlar məktəbi, sonrakı dövrlərdə pedaqoji texnikum və tibb məktəbi kimi fəaliyyət göstərib. Ulu öndər Heydər Əliyev 1938-1939-cu illərdə bu binada yerləşən pedaqoji texnikumda təhsil alıb, texnikumu əla qiymətlərlə bitirib. Ulu öndərin xatirəsini əbədiləşdirmək üçün binaya xatirə lövhəsi vurulub və xatirə otağı yaradılıb.
Qeyd edilib ki, Bəhruz Kəngərli yaradıcılığına dövlətimiz tərəfindən daim yüksək qiymət verilib. Rəssamın əsərlərindən ibarət albom-kataloq hazırlanıb, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonuna Bəhruz Kəngərlinin adı verilib, Naxçıvan şəhərinin mərkəzi küçələrindən birində Bəhruz Kəngərli adına Rəssamlar Parkı yaradılıb.
Bildirilib ki, muzeydə 1200-dən artıq eksponat mühafizə olunur, rəssamın 530 rəsm əsəri qorunur.
Bəhruz Kəngərlinin həyat və yaradıcılığını əks etdirən müxtəlif sənədlər, rəssamın istifadə etdiyi şəxsi və məişət əşyaları, etüd çantası, özünün və qohumlarının fotoşəkilləri, müxtəlif illərdə tanınmış fırça ustalarının Bəhruz Kəngərliyə həsr etdikləri təsviri və tətbiqi sənət nümunələri əməkdaşlar tərəfindən maraqla qarşılanıb.
Baxılıb: 646