KƏNGƏRLİ RAYONUNDA TORPAQ MÜLKİYYƏTÇİLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
14.07.2021
Kəngərli rayonunun Qıvraq qəsəbəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib.
Seminar-müşavirədə aid təşkilatların nümayəndələri tərəfindən torpaqların münbitliyinin azalmasının qarşısını almaq üçün ilk növbədə suvarmanın düzgün təşkil olunması, taxıl əkinində şırım üsulu ilə əkinə diqqət yetirilməsi, aqro texniki tədbirlərin düzgün aparılması, üzvi və mineral gübrələrin vaxtında və normada verilməsinə xüsusi diqqət yetirilməsi, növbəli əkin sisteminin tətbiq olunmasının vacibliyi, eyni zamanda torpaqların məişət və kimyəvi tullantılarla çirkləndirilməsi, yay otlaqlarında heyvanların normadan artıq otarılması və hava şəraitinin nəzərə alınmaması səbəbindən səhralaşmaya gətirib çıxarması kimi halların nəticədə, torpaqların münbitliyinin azalmasına səbəb olması barədə torpaq mülkiyyətçiləri və sahibkarlara məlumat verilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və bukletlər təqdim olunub.
Baxılıb: 309