Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - 622 DAŞINMAZ ƏMLAK OBYEKTİ ÜZƏRİNDƏ HÜQUQLAR DÖVLƏT QEYDİYYATINA ALINIB

622 DAŞINMAZ ƏMLAK OBYEKTİ ÜZƏRİNDƏ HÜQUQLAR DÖVLƏT QEYDİYYATINA ALINIB

04.08.2021

Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət 2021-ci ilin iyul ayında da Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Naxçıvan şəhəri ərazisində 115,81 hektar meyvə bağı və 209,88 hektar meşə zolağı, Babək rayonu ərazisində 741,47 hektar meyvə bağı və 426,90 hektar meşə zolağı plana alınaraq xəritələşdirilmişdir.

 “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Şərur rayonunun Məmmədsabir kəndində və Kəngərli rayonunun Qıvraq qəsəbəsində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin, o cümlədən ailə təsərrüfatı nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilmişdir.

 Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur rayonunun Muğancıq Müslüm və Muğancıq Mehrab kəndlərinin ərazisində aparılan monitorinqlər başa çatdırılmış, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində işlər davam etdirilmişdir. Kosacan və İbadulla kəndlərinin ərazisində monitorinqlərə başlanmışdır.

Ötən ay 622 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, 384 texniki sənəd hazırlanmış, yeni yaranmış 32 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 100 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. Kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranmış hüquqlara dair 1179 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilmişdir.

Səyyar xidmət vasitəsilə 8 yaşayış məntəqəsində vətəndaşların müraciətinə baxılmış, 8 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə verilmiş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır.

Baxılıb: 517