FÖVQƏLADƏ HALLARA HAZIRLIQLA BAĞLI MААRIFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB
31.03.2022
30 mart 2022-ci il tarixdə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Naxçıvan Muxtar Respublikası Fövqəlаdə Hаllаr Nаzirliyi ilə birgə fövqəladə hallara hazırlıqla bağlı təhlükəsizlik tədbirləri barədə maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin şöbə müdiri Ruslan Rüstəmov açaraq keçirilən tədbirin işçilərin fövqəladə hallara hazırlığı ilə bağlı müəyyən olunmuş qaydalara əməl etməsi, yanğın təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlarının artırılmasında mühüm rol oynadığını vurğulayıb.
Fövqəlаdə Hаllаr Nazirliyi Aparatının Mülki müdafiə işinin təşkili şöbəsinin bölmə rəisi Vüqar Məmmədov “Naxçıvan Muxtar Respublikası ərazisində ehtimal olunan təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində yaradılmış mülki müdafiə qüvvələrinin fəaliyyəti” və həmin şöbənin baş məsləhətçisi Əbülfəz Qafarov “Məişətdə və iş yerlərində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır” mövzularnda çıxış edərək iştirakçılara ətraflı məlumat veriblər.
NAXÇIVAN ŞƏHƏRİNDƏ YENİ ÜNVAN LÖVHƏLƏRİNİN QURAŞDIRILMASI DAVAM ETDİRİLİR
30.03.2022
Muxtar respublikanın yaşayış məntəqələrində nəqliyyat infrastrukturu və daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, eləcə də ünvan reyestrində müvafiq düzəliş və dəqiqləşmə işlərinin aparılması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə daşınmaz əmlak obyektlərinin ünvanlarındakı uyğunsuzluqların aradan qaldırılması üçün kameral şəraitdə ünvan xəritəsi üzərində iş aparılır. Yeni inşa olunan daşınmaz əmlak obyektlərinin sxematik planları dəqiqləşdirilir, ünvan xəritəsinə yerləşdirilməsi və ünvan reyestrində qeydiyyata alınması təmin olunur.
Naxçıvan şəhərində prospekt və küçələrdə binalara yeni və müasir dizaynlı ünvan lövhələri və giriş nömrə nişanlarının quraşdırılması davam etdirilir. Hazırda şəhərin 54-cü, 56-cı, Xətai və Əlincə məhəllələrində yeni hazırlanmış 2400-dən artıq ünvan lövhəsi və giriş nömrə nişanlarının quraşdırma işləri aparılır.
Qeyd edək ki, layihənin həyata keçirildiyi gündən ümumilikdə Naxçıvan şəhərinin 1 prospekt, 71 küçə, 30 məhəllə və 1 kəndi olmaqla 103 nəqliyyat infrastrukturu obyektində 10 minə yaxın ünvan lövhəsi və giriş nömrə nişanları quraşdırılmışdır.
ORDUBAD RAYONUNDA AİLƏ TƏSƏRRÜFATLARI İLƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB
18.03.2022
Ordubad rayonunun Vənənd kənd mərkəzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı nazirliyinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun, eləcə də Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ailə təsərrüfatları və torpaq mülkiyyətçiləri ilə maarifləndirici seminar-müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı İlkin Həsənov açaraq muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafına göstərilən dövlət qayğısından, rayonda aqrar sahədə həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq aid təşkilatların nümayəndələri tərəfindən nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı müvafiq mütəxəssis məsləhətləri ailə təsərrüfatları nümayəndələrinin diqqətinə çatdırılıb.
ORDUBAD RAYONUNDA DAŞINMAZ ƏMLAKLA BAĞLI VƏZİFƏLƏR UĞURLA İCRA OLUNUB
17.03.2022
Rayonda mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi fevral ayı ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən diqqətdə saxlanılıb, 8 fərdi yaşayış evinə, 4 mənzilə, 2 qeyri-yaşayış binasına məxsus texniki pasport hazırlanıb, 11 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. Texniki sənədlərin hazırlanması məqsədi ilə 19 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 33 müraciətə baxılıb, məhdudiyyət və yüklülüyə dair 22, əmlakının olub olmaması ilə bağlı 10 arayış verilib.
Ötən ay ərzində vətəndaşlardan daxil olmuş 14 şifahi müraciətlə əlaqədar operativ olaraq əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilərək qanunamüvafiq icra edilib.
Rayonun Qoşadizə və Düylün kənd yaşayış məntəqələrində səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim olunub.
