QIVRAQ QƏSƏBƏSİNDƏ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB
20.04.2022
20 aprel 2022-ci il tarixdə Kəngərli rayonunun Qıvraq qəsəbəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Rayon İcra Hakimiyyətinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Kəngərli Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ağa Seyidov açaraq Rayonun muxtar respublikada kənd təsərrüfatı sahəsindəki rolundan, qazanılmış nailiyyətlərdən, eləcə də keçirilən tədbirin əhəmiyyəti barədə məlumat verib.
Mülkiyyətdə, istifadədə və icarədə olan torpaqlardan təyinatına uyğun səmərəli istifadə edilməsinin vacib amillərdən biri olduğunu qeyd edən Daşınmaz Əmlak və Torpaq Məsələləri Üzrə Dövlət Xidmətinin sektor müdiri Oqtay Məmmədov bildirib ki, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasının mühüm şərtlərindən biri torpağın əsas xassəsi olan münbitliyin təmin edilməsidir. Muxtar respublika ərazisində müəyyən səbəblərdən əkin dövriyyəsindən kənarda qalmış torpaq sahələri müəyyən edilmiş, xəritələşdirilmiş və təhlil materialları hazırlanmışdır.
Qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi gələcəkdə muxtar respublika ərazisində mövcud torpaq ehtiyatlarından səmərəli istifadə edilməsinə, uzun müddət əkin dövriyyəsindən kənarda qalmış minlərlə hektar torpağın münbitləşdirilməsinə və yenidən əkin dövriyyəsinə qatılmasına səbəb olacaqdır.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov torpağın münbitliyinin bərpa edilməsində üzvi və mineral kübrələrin norma və nisbətlərinin tətbiqindən, şoranlaşmaya meyilli torpaqlarda pestisid yükünün minimum səviyyəyə endirilməsi, şoran, eləcə də fiziki-kimyəvi cəhətdən əlverişli olmayan torpaqların yuyulması və yararlı vəziyyətə gətirilməsindən, torpaq örtüyü zədələnmiş ərazilərdə rekultivasiya tədbirlərinin həyata keçirilməsi, kənd təsərrüfatında innovativ texnologiyaların və mütərəqqi əkin üsullarının tətbiqindən bəhs edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Tural Əsgərov torpağın münbitliyinin bərpası məqsədilə yay və qış otlaqlarında, kəndətrafı örüş sahələrində eroziyanın və səhralaşmanın, habelə ərazilərin mal-qara ilə normadan artıq yüklənməsinin qarşısının alınması, bitki örtüyü zəif inkişaf etmiş ərazilərin təsərrüfat dövriyyəsindən müvəqqəti çıxarılmasından və münbitliyin artırılması sahəsində tədbirlərin həyata keçirilməsindən danışıb.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin aparıcı məsləhətçisi Elxan Qaybalıyev bildirib ki, qrunt sularının səviyyəsinin yüksək olduğu ərazilərdə yeni drenaj-kollektor şəbəkələrinin tikintisinin aparılması, mövcud kanallarda su sızmalarının qarşısının alınması, təsərrüfatdaxili arxların təmizlənməsi, yüksək dərəcədə şoranlaşmış torpaqlardan tezliklə istifadə üçün səmərəli şəkildə yuyulması vacibdir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və bukletlər təqdim olunub.
Baxılıb: 246