Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

ÖTƏN AY 532 DAŞINMAZ ƏMLAK OBYEKTİ ÜZƏRİNDƏ HÜQUQLAR DÖVLƏT QEYDİYYATINA ALINIB

06.04.2022

Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan səmərəli istifadəyə nəzarət Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən mart ayında da diqqətdə saxlanılıb, xidmətin fəaliyyət istiqamətləri üzrə işlərin icrası uğurla davam etdirilib.

Ötən ay 532 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 384 texniki sənəd hazırlanıb, yeni yaranmış 23 daşınmaz əmlak obyektinə ünvan verilib, 78 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb.

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə Şərur rayonunun Alışar, Şahbulaq, Gümüşlü və Aşağı Yaycı kəndlərinin ərazisində monitorinqlər başa çatdırılıb, müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması üçün tədbirlər görülüb. Şərur rayonunun Axura, Yuxarı Yaycı kəndlərinin və Kəngərli rayonunun Qıvraq qəsəbəsinin ərazisində isə monitorinqlər davam etdirilib.

Ardını oxu »

KƏNGƏRLİ RAYONUNUN QIVRAQ QƏSƏBƏSİNDƏ TORPAQLARDAN QANUNSUZ İSTİFADƏ HALLARININ QARŞISI ALINIB

06.04.2022

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Kəngərli rayonunun Qıvraq qəsəbəsində  monitorinq aparılıb.

Cari ilin I rübü ərzində aparılmış yoxlamalar nəticəsində bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin, eyni zamanda yol, kanal və arxların mühafizə zonalarının zəbt edilməsi aşkar edilib, həmin vətəndaşlarla yerli icra nümayəndələri ilə birlikdə fərdi qaydada maarifləndirici söhbətlər aparılıb, vətəndaşlara Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbləri, yəni torpaq sahələrinin özbaşına tutulması, zəbt olunmasının qadağan olunduğu izah edilib.

Monitorinq zamanı qəsəbədə  98 fiziki şəxs tərəfindən bələdiyyə mülkiyyətinə aid 7 hektara yaxın torpaq sahəsinin zəbt olunması faktı aşkar olunub. Qəsəbə sakinləri tərəfindən qanunsuz istifadə edilən torpaq sahələrinin metal çəpərləri sökülərək əvvəlki vəziyyətinə, yəni bələdiyyə mülkiyyətinə qaytarılıb.

Ardını oxu »

ÜNVAN REYESTRİNİN APARILMASI İLƏ BAĞLI TƏLİM KEÇİRİLİB

05.04.2022

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində “Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” mövzusunda təlim keçirilib.

Təlimdə Xidmətin yerli bölmələrinin əməkdaşları və Naxçıvan Dövlət Universitetinin Xidmətdə istehsalat təcrübəsi keçən tələbələri iştirak ediblər.

Xidmətin yerli bölmələrinin əməkdaşlarının ünvan reyestrinin aparılması sahəsində biliklərinin daha da təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə Xidmətin Ünvan reyestrinin aparılması sektorunun müdiri Ruslan Həsənov daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi qaydası, ünvan nömrələrinin verilməsi zamanı əsas prinsiplər, nəqliyyat infrastrukturu obyektlərinin ünvanla bağlı məkan göstəricilərinin təyini, bir ünvan nömrəsi almış torpaq sahəsi üzərində birdən çox girişi olan binanın tikildiyi hallarda girişlərin nömrələnməsi, nizamsız düzülmüş binaların nömrələnməsi, ünvan lövhələrinin quraşdırılmasına qoyulan tələblər haqqında təlim iştirakçılarına ətraflı məlumat verib.

Sonra mövzu ətrafında geniş müzakirə aparılıb, əməkdaşların sualları cavablandırılıb.

Ardını oxu »

TORPAQLARDAN SƏMƏRƏLİ İSTİFADƏ SAHƏSİNDƏ GÖRÜLMÜŞ İŞLƏR VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR İLƏ BAĞLI MÜŞAVİRƏ KEÇİRİLİB

04.04.2022

04 aprel 2022-ci il tarixdə Şahbuz rayonunda torpaqlardan səmərəli istifadə sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rafael Babayev açaraq tədbirin mahiyyətindən danışıb.

Muxtar respublikada torpaqlardan səmərəli istifadə sahəsində həyata keçirilən tədbirlərdən bəhs edən Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən keçirilən sessiya və müşavirələrdə muxtar respublikada əkinəyararlı torpaqlardan səmərəli istifadə edilməsi, torpaqlardan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi barədə tapşırıqlar verilib. Verilmiş tapşırıqların icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən bütün mülkiyyət növləri üzrə torpaqlardan istifadə vəziyyəti yoxlanır. Artıq Babək, Şərur və Kəngərli rayonlarında torpaqlardan qanunsuz istifadəyə dair monitorinqlər başa çatdırılıb, aşkar olunmuş qanun pozuntuları aradan qaldırılıb.

Ardını oxu »