Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - “YERQURULUŞU VƏ KADASTR” KABİNƏSİNİN TƏQDİMATI OLUB

“YERQURULUŞU VƏ KADASTR” KABİNƏSİNİN TƏQDİMATI OLUB

12.05.2022

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı sərəncamlarına uyğun olaraq mayın 11-də Naxçıvan Dövlət Universitetində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hamiliyinə verilmiş ixtisaslarda tədrisin keyfiyyətinin artırılması məqsədi ilə Xidmət tərəfindən yaradılmış “Yerquruluşu və kadastr” kabinəsinin təqdimatı olub. Tədbiri giriş sözü ilə universitetin rektoru Elbrus İsayev açaraq kabinənin peşəkar kadr hazırlığının aparılmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə Ali Məclis Sədrinin müvafiq sərəncamları ilə müəyyənləşdirilmiş vəzifələrin icrası, hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşması istiqamətində görülmüş işlərdən bəhs edib.

Yeni yaradılmış kabinənin tələbələrin elmi-nəzəri biliklərinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacağını qeyd edən xidmət rəisi bildirib ki, kabinə tələbələrə praktiki vərdişlərin aşılanması üçün lazım olan müasir alət və avadanlıqlar, kartoqrafiya materialları və dərs vəsaitləri ilə zənginləşdirilib. Kabinədə yerquruluşu, geodeziya, kartoqrafiya və kadastr işlərinin aparılması ilə bağlı stendlər quraşdırılıb, kadastr və inventarlaşdırma işlərinə dair müxtəlif illərdə tərtib olunmuş sənəd nümunələri, Xidmətin nəşrlərinin nüsxələri qoyulub. Elektron lövhə və zəruri proqram təminatı yüklənmiş kompüter dəsti quraşdırılıb, Xidmətlə virtual əlaqəsi təmin edilib. Tədris prosesində istifadə olunması məqsədi ilə müxtəlif məzmunlu və miqyaslı xəritələr, qlobuslar, kompaslar, təkərli və lazerli məsafəölçənlər, elektron bucaqölçən, praktiki geodeziya ölçmələrinin aparılmasında istifadə olunması məqsədi ilə 1 dəst GPS, 1 əl GPS-i, 1 dəst elektron taxeometr, 1 dəst nivelir hədiyyə olunub.

Sonra Xidmətdə istifadə olunan müasir informasiya sistemləri, tətbiq olunan texnoloji yeniliklər, rəqəmsal kadastr xəritəsi üzərində əməliyyatların aparılması, daşınmaz əmlakın qeydiyyatı, xəritəçəkmə prosesi, aerokosmik çəkiliş materialları ilə iş, relyefin üçölçülü modellərinin yaradılması əməkdaşlar tərəfindən nümayiş etdirilib.

Tədbirin sonunda hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin innovativ ideyalarının üzə çıxarılması ilə bağlı müzakirələr aparılıb, yaradıcı düşüncənin inkişaf etdirilməsi ilə bağlı qarşıda duran vəzifələr müəyyənləşdirilib. İştirakçılarda maraq doğuran suallar cavablandırılıb.

Baxılıb: 269