DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN SƏMƏRƏLİ İSTİFADƏYƏ DÖVLƏT NƏZARƏTİ DİQQƏTDƏ SAXLANILIB
12.05.2022
Muxtar respublikada əmlak və torpaq münasibətlərinin nizamlanmasında fəaliyyətin təkmilləşdirilməsi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aprel ayında da diqqətdə saxlanılıb.
“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair” Tədbirlər Planı və Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Tədbirlər Planına uyğun olaraq Kəngərli rayonunun Qıvraq qəsəbəsində, Şahbuz rayonunun Külüs kəndində və Babək rayonunun Babək şəhərində bələdiyyə sədrlərinin, ailə təsərrüfatı başçılarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilib.
Ay ərzində 635 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 457 texniki sənəd hazırlanıb. Yeni yaranmış 39 daşınmaz əmlak obyektinə ünvan verilib, 101 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Kəngərli rayonu üzrə 15 dislokasiya xəritəsi hazırlanıb aidiyyəti üzrə təhvil verilib.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur rayonunun Axura, Aşağı Yaycı, Şahbuz rayonunun Sələsüz, Daylaqlı, Mərəlik kəndlərinin və Kəngərli rayonunun Qıvraq qəsəbəsinin ərazisində monitorinqlər başa çatdırılıb, müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində tədbirlər görülüb. Şahbuz rayonunun Türkeş, Kiçikoba, Şahbuzkənd, Külüs və Keçili kəndlərinin ərazisində monitorinqlər davam etdirilib.
Ötən ay mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakla bağlı digər əməliyyatların aparılması üçün vətəndaşlardan 1382 ərizə qəbul edilərək icra olunub. Kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranmış hüquqlara dair 1410 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib. 6 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar ailə təsərrüfatlarının icarəsinə verilmiş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.
Baxılıb: 241