Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - SƏDƏRƏK RAYONUNDA BƏLƏDİYYƏ TORPAQLARININ İDARƏ EDİLMƏSİ İLƏ BAĞLI SEMİNAR KEÇİRİLİB

SƏDƏRƏK RAYONUNDA BƏLƏDİYYƏ TORPAQLARININ İDARƏ EDİLMƏSİ İLƏ BAĞLI SEMİNAR KEÇİRİLİB

10.05.2022

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri Üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Bələdiyyələrin torpaq üzərində mülkiyyət hüququ və məsuliyyəti” mövzusunda Sədərək rayonunda bələdiyyə sədrləri və qulluqçularının iştirakı ilə seminar keçirilib.

Bələdiyyə torpaqlarının idarə edilməsinin xüsusiyyətləri mövzusunda çıxış edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov bildirib ki, bələdiyyə mülkiyyətində olan torpaqların hüquqi və fiziki şəxslərə icarəyə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməlidir. Bağlanmış müqavilədə tərəflərin hüquqları, vəzifələri və digər şərtlər də nəzərdə tutulmalı, daxil olmuş müraciətlərə qanunla müəyyən olunmuş qaydada vaxtında baxılmalıdır.

Daşınmaz Əmlak və Torpaq Məsələləri Üzrə Dövlət Xidmətinin sektor müdiri Oqtay Məmmədov qeyd edib ki, bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilir. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilə bilər. Bildirilib ki, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma cinayət məsuliyyətinə səbəb olur.

Ədliyyə Nazirliyinin qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı qəbul edilən bələdiyyə qərarları mövzusunda məlumat verib. Bildirib ki, respublikamızda bələdiyyələrin inkişafı və fəaliyyətlərinin təkmilləşdirilməsi üçün zəruri şərait yaradılıb və yerli özünüidarə hüququnu həyata keçirməklə əhaliyə hərtərəfli köməklik göstərilir. Bu baxımdan bələdiyyələrin bütün iclasları protokollaşdırılmalı, tərtib olunan bələdiyyə aktları qanunvericiliyə uyğun hazırlanmalıdır.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb, bələdiyyələrlə bağlı metodiki vəsaitlər təqdim olunub.

Baxılıb: 254