TORPAQLARDAN İSTİFADƏYƏ NƏZARƏT GÜCLƏNDİRİLİB
13.05.2022
Əmlak münasibətlərində qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlak subyektlərinin dövlət reyestrinin aparılması, habelə torpaqların idarəçiliyi sahəsində yeni yanaşmaların tətbiqi, eləcə də, qarşıya qoyulmuş mühüm vəzifə və tapşırıqların həlli istiqamətində görülən işlər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz rayon idarəsi tərəfindən aprel ayında diqqət mərkəzində saxlanılaraq mütəşəkkil davam etdirilib.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə rayonun Sələsüz, Daylaqlı, Mərəlik kəndlərinin ərazisində monitorinqlər başa çatdırılıb, müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılıb. Türkeş, Kiçikoba, Şahbuzkənd, Külüs və Keçili kəndlərinin ərazisində monitorinqlər davam etdirilib.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 25 müraciət qəbul edilib və icra olunub. Həmçinin, məhdudiyyət və yüklülüyə dair 18 arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qanunvericiliyə uyğun icra edilib.
DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN SƏMƏRƏLİ İSTİFADƏYƏ DÖVLƏT NƏZARƏTİ DİQQƏTDƏ SAXLANILIB
12.05.2022
Muxtar respublikada əmlak və torpaq münasibətlərinin nizamlanmasında fəaliyyətin təkmilləşdirilməsi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aprel ayında da diqqətdə saxlanılıb.
“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair” Tədbirlər Planı və Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Tədbirlər Planına uyğun olaraq Kəngərli rayonunun Qıvraq qəsəbəsində, Şahbuz rayonunun Külüs kəndində və Babək rayonunun Babək şəhərində bələdiyyə sədrlərinin, ailə təsərrüfatı başçılarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilib.
Ay ərzində 635 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 457 texniki sənəd hazırlanıb. Yeni yaranmış 39 daşınmaz əmlak obyektinə ünvan verilib, 101 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Kəngərli rayonu üzrə 15 dislokasiya xəritəsi hazırlanıb aidiyyəti üzrə təhvil verilib.
“YERQURULUŞU VƏ KADASTR” KABİNƏSİNİN TƏQDİMATI OLUB
12.05.2022
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı sərəncamlarına uyğun olaraq mayın 11-də Naxçıvan Dövlət Universitetində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hamiliyinə verilmiş ixtisaslarda tədrisin keyfiyyətinin artırılması məqsədi ilə Xidmət tərəfindən yaradılmış “Yerquruluşu və kadastr” kabinəsinin təqdimatı olub. Tədbiri giriş sözü ilə universitetin rektoru Elbrus İsayev açaraq kabinənin peşəkar kadr hazırlığının aparılmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə Ali Məclis Sədrinin müvafiq sərəncamları ilə müəyyənləşdirilmiş vəzifələrin icrası, hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşması istiqamətində görülmüş işlərdən bəhs edib.
ŞƏRUR RAYONUNDA 104 TEXNİKİ SƏNƏD HÜQUQ SAHİBLƏRİNƏ TƏQDİM EDİLİB
11.05.2022
Şərur Rayonunda daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və müdafiəsi sahəsində işlərin daha səmərəli təşkil edilməsi, torpaqlardan təyinatı üzrə istifadəyə və onların mühafizəsinə nəzarətin həyata keçirilməsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən cari ilin aprel ayında diqqət mərkəzində saxlanılıb, operativliyin artırılması istiqamətində işlər mütəşəkkil davam etdirilib.
Ötən ay torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilib. Rayonun Axura, Aşağı Yaycı kəndlərinin ərazisində monitorinqlər başa çatdırılıb, müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılıb.
İdarə tərəfindən müraciətlər əsasında 13 fərdi yaşayış evinin, 2 mənzilin texniki pasportu, 89 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb vətəndaşlara təqdim edilib.
Ay ərzində əmlakının olub olmaması ilə bağlı 19, məhdudiyyət və yüklülüyə dair 95 arayış hazırlanaraq vətəndaşlara təqdim olunub. Texniki sənədlərin hazırlanması zamanı 27 müayinə aktı yazılıb. 10 vətəndaşın şifahi müraciəti ilə əlaqədar əmlaklara yerində baxış keçirilib, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.
