BƏHRUZ KƏNGƏRLİ MUZEYİ ZİYARƏT OLUNUB
02.03.2020
Fevralın 29-da Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun kollektivləri Bəhruz Kəngərli Muzeyində olublar.
Tanışlıq zamanı məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 may 2001-ci il tarixli Sərəncamı ilə yaradılıb. 2002-ci il iyunun 18-də muzeyin açılış mərasimində ümummilli lider Heydər Əliyev iştirak edib.
Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi tarixi bina XIX əsrin sonlarında qızlar məktəbi, sonrakı dövrlərdə pedaqoji texnikum və tibb məktəbi kimi fəaliyyət göstərib. Ulu öndər Heydər Əliyev 1938-1939-cu illərdə bu binada yerləşən pedaqoji texnikumda təhsil alıb, texnikumu əla qiymətlərlə bitirib. Ulu öndərin xatirəsini əbədiləşdirmək üçün binaya xatirə lövhəsi vurulub və xatirə otağı yaradılıb.
TƏLƏBƏLƏR TƏRƏFİNDƏN GEODEZİYA ÖLÇMƏLƏRİ APARILIB
25.02.2020
Naxçıvan Dövlət Universitetinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hamiliyinə verilmiş “Torpaqşünaslıq və aqrokimya”, “Geodeziya və xəritəçəkmə” ixtisaslarında təhsil alan tələbələrə praktiki məşğələ keçirilib.
Xidmətin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun təcrübəli mütəxəssisləri tərəfindən tələbələrə yüksək dəqiqlikli geodeziya alətləri və onların iş prinsipi barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, müasir geodeziya alətləri topoqrafik planaalma işlərinin aparılmasında, xəritələrin hazırlanması üçün lazım olan məlumatların əldə edilməsində, layihələrin yerə köçürülməsində texniki cəhətdən əvəzsizdir. Bu alətlərlə məsafəni, yüksəkliyi, bucaqları, nöqtənin koordinatlarını, həmçinin alət qurulan nöqtənin koordinatlarına görə müşahidə edilən nöqtələrin koordinatlarını və yüksəkliyini müəyyən etmək mümkündür.
TORPAQLARDAN İSTİFADƏYƏ NƏZARƏT DİQQƏTDƏ SAXLANILIR
18.02.2020
Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi yanvar ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.
Ötən ay 9 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır. Torpaqların elektron uçotunun aparılması məqsədi ilə Şahbuz şəhərində və rayonun Mahmudoba kəndində, Sədərək rayonunun Sədərək kəndində planaalma işləri davam etdirilmiş, 1241 daşınmaz əmlak obyekti plana alınmışdır.
CARİ İLİN İLK AYINDA 93 MÜLKİYYƏT SƏNƏDİ HAZIRLANIB
17.02.2020
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən 2020-ci ilin yanvar ayında daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət diqqətdə saxlanılıb.
Vətəndaşların müraciəti əsasında ay ərzində 16 fərdi yaşayış evinin, 2 qeyri-yaşayış binasının texniki pasportu, 48 həyətyanı, 27 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsü hazırlanıb. Texniki sənədlərin hazırlanması zamanı 32 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.
15 vətəndaşın şifahi müraciətinə baxılıb. 47 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 82 arayış hazırlanıb.
Rayonun Qorçulu və Diyadin kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş 24 müraciət müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilib.
