Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - QANUNSUZ İSTİFADƏ EDİLƏN TORPAQ SAHƏLƏRİ BƏLƏDİYYƏ MÜLKİYYƏTİNƏ QAYTARILIR

QANUNSUZ İSTİFADƏ EDİLƏN TORPAQ SAHƏLƏRİ BƏLƏDİYYƏ MÜLKİYYƏTİNƏ QAYTARILIR

21.09.2020

Kənd təsərrüfatı məhsulları istehsalını artırmaq üçün hər şeydən əvvəl bütün mülkiyyət növləri üzrə torpaq fondundan səmərəli və məqsədyönlü istifadə edilməsi qarşıda duran ən ümdə vəzifədir. Ona görə də kənd təsərrüfatının əsas istehsal vasitəsi olan torpağın istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi günün ən vacib məsələlərindən biridir. Məqsəd  bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaq sahələrindən səmərəli istifadə edilməsində, onların mühafizəsinin və keyfiyyətinin yaxşılaşdırılmasında, torpaqların monitorinqinin və texniki uçotunun aparılmasında, habelə yerquruluşu, axtarış və kəşfiyyat işlərinin həyata keçirilməsində torpaq qanunvericiliyinin tələblərinə riayət edilməsini təmin etməkdən ibarətdir.

Bu gün, muxtar respublikamızda torpaqlardan təyinatına uyğun, səmərəli istifadənin təmin edilməsi, əkinəyararlı torpaq sahələrindən digər məqsədlər üçün istifadənin qarşısının alınması ilə bağlı vəzifələrin icrası, torpaqlardan istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə mütəmadi olaraq torpaq müfəttişləri tərəfindən yerlərdə monitorinqlər aparılır. Hazırda Şərur və Kəngərli rayonlarında bütün mülkiyyət növləri üzrə torpaqlardan istifadə vəziyyəti yoxlanılır, aşkar edilmiş qanunsuz istifadə hallarının aradan qaldırılması üçün müvafiq qanunvericiliyin tələbinə uyğun tədbirlər həyata keçirilir.

İndiyədək Şərur rayonunun Danyeri, Aşağı Daşarx, Yuxarı Daşarx, Oğuzkənd, Dərəkənd, Dizə, Oğlanqala, Yeni Havuş, Xətai və Cəlilkənd, Kəngərli rayonunun Böyükdüz və Qabıllı kəndlərində monitorinqlər başa çatdırılıb. Vətəndaşlar tərəfindən qanunsuz istifadə edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması davam etdirilir. Şərur rayonunun Mahmudkənd, Zeyvə, Düdəngə, Sərxanlı və Maxta, Kəngərli rayonunun Yurdçu kəndlərində qanunsuz istifadə faktlarının aşkar edilməsi istiqamətində yoxlamalar aparılır.

Baxılıb: 383