TORPAQLARIN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİN MONİTORİNQİ DAVAM ETDİRİLİR
24.09.2020
Muxtar respublikamızda kənd təsərrüfatının dinamik inkişafını təmin etmək üçün Ali Məclis Sədrinin fərman və sərəncamları ilə müvafiq dövlət proqramları qəbul edilmiş, aid orqanlar qarşısında konkret vəzifələr müəyyənləşdirilmişdir. Müasir dövrdə muxtar respublikamızda torpaq fondundan səmərəli və məqsədyönlü istifadə və kənd təsərrüfatının intensiv yolla inkişafı xüsusi əhəmiyyət kəsb edir. Çünki muxtar respublikada yeni torpaq sahələrinin kənd təsərrüfatı istehsalına cəlb edilməsi imkanları məhduddur. Bu amili nəzərə alsaq torpaqlardan səmərəli istifadə olunması və torpaqların tənəzzülə uğramasının qarşısının alınması bu sahəyə cavabdeh orqanların qarşısında duran prioritet istiqamətlərdən birinə çevrilir.
Muxtar respublikamızda şoranlaşmış və bataqlaşmış sahələr, əsasən, Araz çayının sahilboyu ərazilərində yerləşir. Bu torpaqların yenidən əkin dövriyyəsinə qatılması üçün onların müəyyən edilməsi, xəritələşdirilməsi və istifadəyə yararlı vəziyyətə gətirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsinə artıq başlanılmışdır. Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının mütəxəssisləri ilə birgə komissiya yaradılmış, görülməsi lazım olan işlər barədə müvafiq məsləhətləşmələr aparılmışdır. Muxtar respublikanın Babək, Culfa, Ordubad, Kəngərli rayonlarının və Naxçıvan şəhərinin ərazisində olan eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqlar mütəxəssislər tərəfindən naturada yoxlanılmış, planaalma işləri aparılmış və torpaq nümunələri götürülərək laboratoriyaya təhvil verilmişdir. Hazırda Şərur və Sədərək rayonlarında şoranlaşan, şorakətləşən, bataqlaşan torpaq sahələri dəqiqləşdirilir və ərazilərdə ölçmə işləri aparılır.
Görülmüş və görülməsi nəzərdə tutulan işlər muxtar respublikada şoranlaşmış və bataqlaşmış torpaqların yenidən əkin dövriyyəsinə qaytarılmasına xidmət edir.
Baxılıb: 386