Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - MUZEY ZİYARƏT OLUNUB

MUZEY ZİYARƏT OLUNUB

28.09.2020

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin kollektivi  sentyabrın 26-da Cəmşid Naxçıvanskinin ev muzeyində olub.
Kollektivə məlumat verilib ki, Cəmşid xan Naxçıvanski Azərbaycanın hərb tarixinin görkəmli simalarından biridir. Cəmşid Naxçıvanskinin adı hərb tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Onun keçdiyi ömür yolu bugünkü və gələcək nəsillərə örnəkdir.

Vurğulanıb ki, general Cəmşid xan Naxçıvanskinin anadan olmasının 85 illiyi ilə əlaqədar Naxçıvan şəhərində, vaxtilə yaşadığı evdə muzey yaradılıb. Muzeydə Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətini əksetdirən fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyalarından ibarət eksponatlar qorunub saxlanılır. Onlar içərisində Cəmşid Naxçıvanskinin ilk hərbi təhsil illərinə aid fotoşəkillər, Birinci Dünya müharibəsinə aid sənədlər, 1918-1920-ci illərdə milli orduda hərbi xidmətinə, 1921-1931-ci illərdə Azərbaycan ilk milli atıcı diviziyasına komandirliyi dövrünə aid fotoşəkillər, eləcə də 1931-1933-cü illərdə Frunze adına Hərbi Akademiyada təhsil aldığı və 1933-cü ildən hərbi pedaqoji fəaliyyətə başladığı illərə dair qiymətli sənədlər var.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 aprel tarixli və “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 aprel 2015-ci il tarixli sərəncamları bu görkəmli şəxsiyyətin, hərb xadiminin həyat və fəaliyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayıb. 

Muzeylə tanışlıq zamanı buradakı eksponatların qorunduğu stendlərin hər biri haqqında ətraflı məlumat verilib.

Baxılıb: 420