TORPAQLARIN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNƏ DAİR MONİTORİNQLƏRİN NƏTİCƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
08.10.2020
Muxtar respublikamızda əkin sahələrinin genişləndirilməsi, bol kənd təsərrüfatı məhsulu istehsalının təmin edilməsi məqsədilə ümumi torpaq fondundan təyinatına uyğun, səmərəli istifadə edilməsi və torpaqların münbitliyinin qorunması qarşıda duran ən ümdə vəzifədir.
Torpaqların şoranlaşma, şorakətləşmə, müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi, bu cür ərazilərin müəyyənləşdirilməsi, xəritələşdirilməsi və yenidən əkin dövriyyəsinə qatılması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və aid dövlət qurumlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən torpaqların monitorinqi başa çatdırılmışdır.
Oktyabrın 7-də monitorinq komissiyasının görülmüş işlərin müzakirəsi ilə bağlı növbəti iclası keçirilmişdir. Məlumat verilmişdir ki, muxtar respublikanın bütün rayonlarında eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş, digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqlar mütəxəssislər tərəfindən naturada yoxlanılmış, planaalma işləri və ərazilərdən götürülmüş torpaq nümunələrinin laborator təhlilləri aparılmışdır. Komissiya üzvləri tərəfindən aparılmış araşdırmaların yekunu kimi şoranlaşmış, bataqlaşmış torpaqların yararlı vəziyyətə gətirilməsi ilə bağlı təkliflər irəli sürülmüş və müzakirələr aparılmışdır.
Həmin ərazilərin mülkiyyət növləri və uqodiyalar üzrə xəritələşdirilməsi, komissiya tərəfindən yekun hesabatın hazırlanması, torpaqlarda baş vermiş dəyişikliklərin aradan qaldırılması üçün zəruri aqrotexniki və meliorativ tədbirlərin müəyyənləşdirilməsi barədə tapşırıqlar verilmişdir.
Qeyd edək ki, monitorinqlərin aparılmasına Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Naxçıvan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri cəlb edilmişdir.
Baxılıb: 344