Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - RƏQƏMSAL KADASTR XƏRİTƏSİNİN TƏRTİB OLUNMASI İSTİQAMƏTİNDƏ İŞLƏR YEKUNLAŞMAQ ÜZRƏDİR

RƏQƏMSAL KADASTR XƏRİTƏSİNİN TƏRTİB OLUNMASI İSTİQAMƏTİNDƏ İŞLƏR YEKUNLAŞMAQ ÜZRƏDİR

25.09.2020

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 02 aprel 2016-cı il tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun  olaraq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən yeni elektron sistemin yaradılması işləri yekun mərhələsindədir. Sistemin fəaliyyətini təmin edən proqram təminatının “Rəqəmsal kadastr xəritəsi və digər tematik xəritələrin dizayn və idarə edilməsi”, “Torpaqların dövlət kadastrına daxil edilməsi və kadastrın idarə edilməsi”, “Torpaq sahəsi üzərində yerləşən tikililərin kadastra daxil edilməsi”, “Daşınmaz əmlakın dövlət reyestri ilə mübadilə”, “Torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq çap olunması”, “Torpaq sahələri üzərində kadastr əməliyyatlarının aparılması” və “Torpaq sahəsinə avtomatik kadastr nömrəsinin verilməsi” modullarının işləkliyi təmin olunmuş, sınaq rejimində istismara verilmişdir.

Rəqəmsal kadastr xəritəsinin tərtib olunması məqsədilə muxtar respublikanın yaşayış məntəqələrində aparılan geodeziya ölçmə işləri başa çatdırılmışdır. Ölçmə işlərinin nəticələri, muxtar respublika üzrə vətəndaşların qanuni istifadəsində olan və torpaq islahatı zamanı onların mülkiyyətinə verilmiş torpaq sahələrinə və onların mülkiyyətçilərinə dair məlumatlar sistemləşdirilərək vahid formada elektron bazaya yığılmışdır. Torpaq sahələrinə dair məkan göstəriciləri, torpaq islahatı zamanı özəlləşdirilmiş torpaqların baş sxemləri, kompleks yerquruluşu layihələri və dövlət torpaq kadastrlarında saxlanılan məlumatlar yeni xəritələr üzərinə köçürülmüşdür.

Uyğunsuzluqların aradan qaldırılması üçün torpaq sahələrinə yerində baxış keçirilmiş, yaşayış məntəqələrinin kadastr xəritələri sistemə daxil edilməsi məqsədilə dürüstləşdirilmişdir.

Mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələri və onların üzərində mövcud olan daşınmaz əmlaklar haqqında dövlət reyestrində saxlanılan məlumatlar xüsusi sistem vasitəsilə miqrasiya olunaraq yaşayış məntəqələrinin xəritələrinin atribut məlumatlarına daxil edilmişdir.

Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonları üzrə  miqrasiya olunmuş məlumatlar xüsusi fayl formatına çevrilərək sistemə daxil edilmiş, rəqəmsal kadastr xəritələri tərtib olunmuşdur.

Hazırda Şahbuz və Sədərək rayonları üzrə rəqəmsal kadastr xəritəsinin tərtib olunması üçün məlumatların miqrasiya olunması işləri aparılır. Şahbuz rayonu üzrə xüsusi mülkiyyətdə olan torpaq sahələrinə dair miqrasiya işləri yekunlaşdırılmışdır.

Miqrasiya işlərinin qısa zaman ərzində başa çatdırılması və muxtar respublikanın rəqəmsal kadastr xəritəsinin tərtib olunması nəzərdə tutulmuşdur.

Baxılıb: 693