DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏR İCRA OLUNUR
21.12.2020
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən 2020-ci ilin noyabr ayı ərzində vətəndaşların daşınmaz əmlakın qeydiyyatı və torpaq məsələlərinin həlli ilə bağlı müraciətləri diqqətdə saxlanılmış, 14 daşınmaz əmlak obyektinin texniki pasportu, 66 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilmişdir.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün 83 müraciət daxil olmuş, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qeydiyyata alınmışdır. Məhdudiyyət və yüklülüyə dair 34 arayış, 18 sosial arayış verilmişdir.
CULFA RAYONUNDA BƏLƏDİYYƏLƏR ÜÇÜN SEMİNAR KEÇİRİLİB
17.12.2020
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Culfa rayonunda keçirilən “Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi və qanunçuluğun təmin edilməsi” mövzusunda seminarda rayonda fəaliyyət göstərən bələdiyyələrin sədrləri və bələdiyyə qulluqçuları iştirak edib.
Seminarda bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı qanunvericiliyin tələblərindən, bələdiyyələrin mülkiyyət hüququ və torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatından, eləcə də bələdiyyə aktlarının hazırlanması və qəbul edilməsi ilə bağlı qanunvericiliyin tələblərindən danışılıb.
TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB
15.12.2020
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Naxçıvan Dövlət Universitetinin xidmətin hamiliyinə verilmiş “Torpaqşünaslıq və aqrokimya” ixtisasının tələbələri ilə növbəti görüş keçirilib. Tədbiri giriş sözü ilə Xidmətin rəisi Müslüm Cabbarzadə açaraq ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə müəyyənləşdirilmiş vəzifələrin icrası istiqamətində görülmüş işlərdən danışıb. Xidmətin rəisi hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşması, yeni ideyaların üzə çıxarılması, yaradıcı düşüncənin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra tələbələrə innovativ ideyalar əsasında yeni layihələrin işlənməsi ilə bağlı məşğələ keçirilib. Tələbələrin innovativ ideyaları dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
TORPAQLARDAN SƏMƏRƏLİ İSTİFADƏ VƏ ONLARIN MÜHAFİZƏSİ DİQQƏTDƏ SAXLANILIR
14.12.2020
Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi noyabr ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.
Torpaqların elektron kadastr uçotunun aparılması üçün Şərur rayonunun Çərçiboğan, Sədərək rayonunun Sədərək bələdiyyələri üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülmüş, torpaq reyestrində saxlanılan məlumatlarla uyğunluğu yoxlanılmışdır. Sədərək rayonunun Heydərabad və Qaraağac bələdiyyələri üzrə həyətyanı və pay torpaq sahələrinə dair məlumatların miqrasiyası başa çatdırılmış, elektron kadastr xəritəsi tərtib edilmişdir.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə Şərur rayonunun Maxta, Kərimbəyli, Axaməd, Kürçülü, Kürkənd, Qorçulu və Şəhriyar kəndlərində monitorinqlər başa çatdırılmış, Yegicə, Dəmirçi, Xələc və Kəngərli rayonunun Qarabağlar kəndlərində monitorinqlər davam etdirilmişdir. Aşkar olunmuş torpaqdan qanunsuz istifadə faktlarının aradan qaldırılması istiqamətində iş aparılmışdır.
