TEXNİKİ SƏNƏDLƏRİN HAZIRLANMASI İLƏ BAĞLI DAXİL OLMUŞ MÜRACİƏTLƏR OPERATİV İCRA EDİLİB
09.06.2022
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən ötən ay ərzində texniki sənədlərin hazırlanması ilə bağlı daxil olmuş müraciətlər operativ baxılaraq icra edilib.
Ay ərzində 21 fərdi yaşayış evinə, 1 mənzilə məxsus olmaqla, 22 texniki pasport hazırlanıb, 48 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib. 14 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə olunub. 34 müayinə aktı yazılıb.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün 76 müraciət daxil olub, məhdudiyyət və yüklülüyə dair 45, əmlakın olub-olmamasına dair 15 arayış, 16 torpaq sahəsinə dair rəy verilib.
Babək rayonu üzrə kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranmış hüquqlara dair məlumatların daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilməsi başa çatdırılıb.
Rayonunun Nəzərabad və Badaşqan kəndlərində səyyar xidmət qrupu tərəfindən vətəndaşlara səyyar xidmət göstərilib.
ÖTƏN AY 514 DAŞINMAZ ƏMLAK OBYEKTİ DÖVLƏT QEYDİYYATINA ALINIB
08.06.2022
Muxtar respublikada daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində ardıcıl fəaliyyətin təmin edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən may ayında da diqqətdə saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Kəngərli rayonunun Böyükdüz və Şahbuz rayonunun Ağbulaq kəndlərində bələdiyyə sədrləri, ailə təsərrüfatı başçıları, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilmişdir.
Muxtar respublikanın bütün ərazi vahidləri üzrə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə əkin dövriyyəsindən kənarda qalan, istifadə olunmayan əkinəyararlı torpaq sahələrinin monitorinqi aparılmış və uçotu dəqiqləşdirilmişdir.
CULFA RAYONUNDA MÜLKİYYƏT HÜQUQLARININ DÖVLƏT QEYDİYYATINA ALINMASI DAVAM ETDİRİLİR
07.06.2022
Vətəndaşların mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması zamanı operativliyin təmin edilməsi, əmlak və torpaq münasibətlərinin nizamlanmasında fəaliyyətin təkmilləşdirilməsi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən may ayı ərzində diqqət mərkəzində saxlanılmış, 11 fərdi yaşayış evinə, 3 mənzilə məxsus texniki pasport hazırlanmışdır. 8 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilmişdir. Texniki sənədlərin hazırlanması zamanı 16 müayinə aktı yazılmışdır.
Dövlət reyestrindən 28 çıxarışın, məhdudiyyət və yüklülüyə dair 26 arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qanunvericiliyə uyğun icra olunmuşdur. 10 sosial arayış hazırlanaraq vətəndaşlara təqdim edilmişdir.
Vətəndaşlardan daxil olmuş 8 şifahi müraciət yerində araşdırılmış və qanunvericiliyin tələbləri vətəndaşlara izah edilmişdir.
Gal kəndində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq hüquq sahiblərinə təqdim olunmuşdur.
KƏNGƏRLİ RAYONUNDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB
02.06.2022
Kəngərli rayonunun Çalxanqala kəndində rayon ərazisində fəaliyyət göstərən ailə təsərrüfatları və torpaq mülkiyyətçiləri ilə seminar-müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Ağa Seyidov açaraq rayonda aqrar sahədə həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələrdən, muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafına göstərilən dövlət qayğısından danışıb.
Ailə təsərrüfatlarının inkişafı ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında aid təşkilatların nümayəndələri tərəfindən nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə müvafiq mütəxəssis məsləhətləri – ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, qablaşdırılması və etiketlənməsi, yaz əkinlərinin əkin atlaslarına uyğun aparılmasının əhəmiyyəti, torpaqlardan səmərəli istifadə sahəsində qanunvericiliyin tələbləri, növbəli əkin sisteminin tətbiqi və ailə təsərrüfatlarının kiçik sahibkarlıq subyektlərinə çevrilməsi barədə məlumatlar ailə təsərrüfatları nümayəndələrinin diqqətinə çatdırılıb.
