Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - CƏMŞİD NAXÇIVANSKİ MUZEYİ ZİYARƏT OLUNUB

CƏMŞİD NAXÇIVANSKİ MUZEYİ ZİYARƏT OLUNUB

29.08.2022

27 avqust 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan “Yerquruluşu, Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətin kollektivləri görkəmli hərb xadim, Azərbaycan ilk milli atıcı diviziyasının komandiri olmuş general Cəmşid Naxçıvanskinin adını daşıyan muzeyi ziyarət ediblər.

Məlumat verilib ki, XIX əsrə məxsus olan muzey binası bir çox tarixi hadisələrin şahidi kimi bu gün də öz əzəmətini qoruyub saxlamaqdadır. Görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin doğulub boya-başa çatdığı ev - Cəfərqulu xanın malikanəsi XX əsrin əvvəllərində Araz-Türk Respublikasının Naxçıvan şəhərindəki qərargahı kimi fəaliyyət göstərib. 1982-ci ildən bu günə kimi isə Cəmşid Naxçıvanskinin döyüş şöhrətini və vətənpərvərliyini aşılayan mədəniyyət müəssisəsi muzey kimi qapılarını tamaşaçılarının üzünə açıb. 2019-cu ildə muzeydə yenidənqurma işləri aparılıb.

Bildirilib ki, Cəmşid Naxçıvanskinin adının əbədiləşdirilməsi və muzeyinin yaradılması ideyası ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Muzey 6 ekspozisiya zalı, fond və iş otaqlarından ibarətdir. Hazırda muzeyin fondunda 5400-ə yaxın eksponat vardır. Həmin eksponatlardan 500-ə yaxını ekspozisiya zalında nümayiş etdirilir.

Muzeydə Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyaları və digər dəyərli eksponatlar nümayiş etdirilir. Bunların içərisində Cəmşid Naxçıvanskiyə, Azərbaycan atıcı diviziyasının tarixinə, keçdiyi döyüş yoluna həsr olunmuş məqalələr, kitablar və digər materiallar da xüsusi yer tutur.

Araz-Türk Respublikasının fəaliyyətindən bəhs edən bölmədə isə tədqiqat materialları və tarixi sənədlər nümayiş etdirilir.

Baxılıb: 165